SİYASƏT


Politoloq: Prezident İlham Əliyev Azərbaycanda islahatların davam etdiriləcəyinə beynəlxalq inamı daha da möhkəmləndirdi

Bakı, 24 yanvar, AZƏRTAC

Prezident İlham Əliyev Davos Dünya İqtisadi Forumunda regionumuz üçün təhdid mənbələrinin tam coğrafiyasını təqdim etdi və onun fikirləri dünyanın diqqətini regionumuzda əsas təhlükə mənbəyi kimi erməni təcavüzünə yönəltməkdə təsirli rol oynayacaq. Eyni zamanda, Davos İqtisadi Forumunun “Strateji baxış: Avrasiya” mövzusunda panel iclasında Azərbaycan Prezidentinin bir sıra maraqlı sualları cavablandırması ölkəmizin əldə etdiyi nəticələrin və gələcəyə yönəlik hərtərəfli strategiyasının təqdimatı baxımından çox əhəmiyyətlidir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Zaur Məmmədov bildirib. Politoloq qeyd edib ki, Azərbaycana olan maraq və diqqət ölkəmizin beynəlxalq arenada qazandığı böyük nüfuzun əyani göstəricisidir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət Azərbaycanın beynəlxalq arenada güclü, bütün məsələlərlə bağlı öz prinsipial mövqeyi olan, dünyada sülhün və təhlükəsizliyin qorunub saxlanmasına, qarşılıqlı faydalı əməkdaşlığın inkişafına mühüm töhfələr verən dövlət kimi tanınması və qəbul olunmasını təmin edib. Dünya bir daha əmin olur ki, Azərbaycan ən narahat regiona yaxın coğrafiyada və hələ davam edən xarici hərbi təcavüz şəraitində hərtərəfli inkişaf edir və dinamik inkişaf templərinə yalnız islahatlar sayəsində nail olunur. Prezident İlham Əliyev ölkəmizdə islahatlar kursunun davam etdiriləcəyinə beynəlxalq inamı daha da möhkəmləndirdi ki, bu da yeni investisiyaların cəlb edilməsi üçün geniş şərait təmin etmək baxımından olduqca önəmlidir. Dövlət başçısı regional sabitlik naminə düşünülmüş siyasətin ölkəmiz üçün prioritet olduğunu bir daha göstərdi və Ermənistanın bütün region üçün təhlükəli təcavüz siyasətini ifşa etməkdə bunun əhəmiyyəti olduqca böyükdür. Prezidentin məzmunlu cavabları Azərbaycanın etibarlı tərəfdaş və sözünə bütöv dost olduğunu nümayiş etdirməklə yanaşı, öz milli maraqlarına nə qədər üstünlük verdiyini sübut etdi. Bu fikirlər digər dövlətləri Azərbaycana daha sayğılı yanaşmalara məsul etməkdə çox təsirlidir.

Politoloq bildirib ki, Azərbaycan yaxşı idarəçilikdə, şəffaflıqda, hesabatlılıqda, həyat və yaşayış standartları ilə bağlı meyarlarını Avropa İttifaqının standartlarına daha da yaxınlaşdırır. Bununla da yeni hakimiyyət komandasının əsas vəzifələrinin təqdimatı ilə Prezident İlham Əliyev göstərdi ki, ölkədə kadr islahatlarına tələbkar və sistemli-konseptual yanaşılır və yeni hökumət Azərbaycan xalqı qarşısında daşıdığı məsuliyyətin böyüklüyünü dərk etməlidir.

Z.Məmmədov qeyd edib ki, gəncliyimizin mənəvi-ideoloji potensialının dəqiq çərçivəsini təsvir etmək Prezidentin Davos çıxışının ən unikal əlamətlərindən biridir. Prezident İlham Əliyev gəncliyimizin müstəqillik, suverenlik və özünəgüvən platformasına söykəndiyini bəyan etdi. Dövlət başçısı Avrasiya inkişaf və təhlükəsizlik sistemi üçün Azərbaycanın alternativsiz rol və imkanlara malik olduğunu hər kəsin başa düşdüyü səviyyədə nümayiş etdirdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.