SİYASƏT


Politoloq: Qlobal Bakı Forumu Azərbaycanın dünya miqyasında nüfuzlu aktor olduğunu göstərir

Bakı, 16 iyun, AZƏRTAC

Bu gün Bakıda Prezident İlham Əliyevin himayəsi altında “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu işə başlayıb. Dünya ictimaiyyətinin diqqətində olan və qlobal əhəmiyyətli mövzuların müzakirə edildiyi mərkəzə çevrilən “Bakı platforması” Prezident İlham Əliyevin Sərəncamı ilə 2012-ci il sentyabrın 30-da Gəncə şəhərində keçirilmiş dahi şair Nizami Gəncəvinin 870 illik yubiley tədbirində təsis edilib. Qlobal Bakı Forumu müxtəlif xarici ölkələrin sabiq dövlət və hökumət başçıları və nüfuzlu beynəlxalq ekspertləri bir araya gətirir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Bakı Politoloqlar Klubunun rəhbəri, politoloq Zaur Məmmədov söyləyib.

Politoloq qeyd edib ki, Prezident İlham Əliyevin səyləri nəticəsində beynəlxalq müzakirələr platformasına çevrilən Qlobal Bakı Forumu hər il dünya dövlətləri qarşısında dayanan ən aktual məsələlər ətrafında ayrı-ayrı siyasətçilərin, ekspertlərin fikir mübadiləsi məkanına çevrilib. Öz növbəsində yüksək statusa malik belə tədbirləri təşkil edən Azərbaycan bölgədə baş verən hadisələrlə bağlı həqiqətləri daha bir platforma vasitəsilə dünya ictimaiyyətinə çatdırır.

"Doqquzuncu dəfə keçirilən Qlobal Bakı Forumu ölkəmiz üçün xüsusi tarixdə baş tutur. Son ilyarım ərzində Cənubi Qafqazda yaranan yeni geosiyasi mənzərə sözsüz ki, bu Forumun gündəliyində işıqlandırılmalı idi. Bu dəfə yeni yaranan vəziyyət və ölkəmiz qarşısında dayanan bir sıra çağırışlar, informasiya təbliğatı, Qarabağ və Şuşaya səfərlər, bölgədəki reallıqların obyektiv qiymətləndirilməsi Bakı Forumu vasitəsilə ölkəmiz tərəfindən dünya ictimaiyyətinə çatdırılacaq",- deyə Z.Məmmədov bildirib.

Ekspert, həmçinin deyib ki, Forumun gündəliyinə dünya qarşısında dayanan ən vacib mövzular daxil edilib. Gündəlikdə qlobal təhlükəsizlik quruculuğunun yenidən nəzərdən keçirilməsi və sülh perspektivləri, hazırkı dövrdə enerji təhlükəsizliyinə təhdidlər, Ukrayna müharibəsi, müqavimət, qaçqınlar və yenidənqurma, qlobal sağlamlığın təşviqi mövzuları yer alıb. Bundan əlavə, Cənubi Qafqazda barış, əməkdaşlıq və inteqrasiya, dəyişən Avropa və Qərbi Balkan ölkələrinin təhlükəsizliyi, Yaxın Şərq və ərəb dünyasında sülh, sabitlik və inkişaf axtarışları, qloballaşma və artan bərabərsizlik, insan hüquqları, demokratiya və XXI əsrdə yeni çağırışlar, ərzaq təhlükəsizliyi, dünyada aclıq və yoxsulluq problemləri kimi vacib mövzular da Forumun gündəliyində olacaq.

O əlavə edib ki, Forumda 53 ölkədən 400-dək nümayəndənin, o cümlədən sabiq dövlət və hökumət başçılarının, gənc liderlərin iştirakı tədbirin nüfuzunun göstəricisidir. Beləliklə, Prezident İlham Əliyevin daha bir qlobal təşəbbüsü nəticəsində aparıcı beynəlxalq platformaya çevrilən Qlobal Bakı Forumu Azərbaycanın dünyadakı nüfuzunu gücləndirməkdə davam edir. Bu, ölkəmizin nəinki regional miqyasda, hətta beynəlxalq aləmdə sayılıb-seçilən aktor olduğunu nümayiş etdirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.