SİYASƏT


Politoloq: Qubadlının yenidən qurulmasında tarixiliklə müasirliyin sintezi vəhdət təşkil edəcək

Bakı, 26 oktyabr, AZƏRTAC

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş rayonlara səfərləri, orada ictimaiyyət nümayəndələri ilə görüşləri ölkəmizdə olduğu qədər, dünyada da gündəmin müzakirə mövzusu olmaqda davam edir. Çünki həyata keçirilən işlər, reallaşdırılan layihələr və oradan bütün dünyaya verilən mesajlar, sadəcə, lokal mənada deyil, regional və qlobal müstəvidə də mühüm əhəmiyyət kəsb edir. Son olaraq Qubadlı rayonuna səfəri çərçivəsində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bir sıra açılışlarda və təməlqoyma mərasimlərində iştirakı bir daha ondan xəbər verir ki, böyük Qayıdış üçün bütün potensial səfərbər edilib. Azərbaycan dövlətinin qarşısında duran yeganə maneə isə zamandır.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

İşğal zamanı Azərbaycan xalqının təslim olmadığını, vəziyyətlə barışmadığını, doğma torpaqlarını unutmadığını vurğulayan politoloq bildirib: “İndi isə işğal zamanı dağıdılmış torpaqlarımızın bərpası istiqamətində bütün işlər operativ qaydada həyata keçirilir, bu proses sürətlə davam edir. Bütün şəhər və kəndlərimiz, tarixi abidələrimiz, mədəniyyət abidələrimiz, məscidlərimiz dağıdılıb. Biz isə heç kimdən yardım almadan, öz gücümüzə onların hamısını yenidən qurub-yaradırıq. Bu mərhələdə bütün dünya bilməlidir ki, bu torpaqlar bizə məxsusdur, biz onları bərpa edirik və mütləq oraya qayıdacağıq. Bu həqiqəti də anlamalıdırlar ki, torpaq sahibi olmaq onu bərpa etmək, qorumaq deməkdir. Qubadlı camaatı da dövlətimizlə əl-ələ verərək bərpa-quruculuq işlərində yaxından iştirak edəcəklər. Kənd təsərrüfatının inkişaf etdirilməsi əsas məsələlərdən biridir ki, bu işdə su resurslarının xüsusi önəmi var. Xalqımız artıq öz milli və təbii sərvəti olan Həkəridən, Bazarçaydan, Bəsitçaydan, Tərtərçaydan bu məqsədlə istifadə edəcək. Ermənistandakı revanşist qüvvələr də artıq reallıqla barışmalıdır. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti bütün torpaqlarımızı bərpa edəcək, xalqımız öz doğma torpaqlarında əbədi yaşayacaq”.

Ş.Həsənova diqqətə çatdırıb ki, Vətən müharibəsinin gedişində Qubadlının işğaldan azad edilməsinin strateji əhəmiyyəti olduqca böyük idi. Belə ki, məhz Qubadlının azad olunmasından sonra Laçın istiqaməti açıldı və ardınca Ordumuz Laçının cənub hissəsində yerləşən kəndləri də azad etməklə dəhlizi nəzarətə götürdü. Demək olar bununla da müharibənin taleyi artıq həll edilmişdi və biz Şuşa Səfərinə doğru addımlayırdıq. Düşmən isə bundan sonra önümüzdə aciz qalaraq məğlub olduğunu anladı, bütün dünya da Azərbaycan xalqının qətiyyətini görmüş oldu.

Vurğulanıb ki, dövlətimizin başçısının səfərdən dərhal sonra Qubadlı şəhərinin Baş planının hazırlanması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalamasının da xüsusi əhəmiyyəti var. Belə ki, Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında Prezident İlham Əliyev tərəfindən 2021-ci il iyulun 7-də imzalanan Fərmanla Qubadlı yeni yaradılan Şərqi Zəngəzur iqtisadi rayonunun inzibati ərazi bölgüsünə daxil edilib. Bu amil Zəngəzur dəhlizinin reallaşdırılmasına töhfə, Şərqi Zəngəzur iqtisadi rayonunun, bütövlükdə isə ölkənin sosial-iqtisadi inkişafının güclənməsinə təkan verəcək. Bu, eyni zamanda, regiona investisiya qoyan xarici şirkətlərin və biznes ictimaiyyətinin yaxından cəlbini sürətləndirəcək, nəticə etibarilə isə yerli və qonşu regionların əhalisinin rifah halının yüksəldilməsinə istiqamətlənmiş çox uzaqgörən bir addımdır. Bütün bunlarla yanaşı, bu işdə əsas məsələ ondan ibarətdir ki, Qubadlı yenidən qurularkən onun təbiəti və tarixi keçmişi də memarlıqda nəzərə alınacaq. Yəni, tarixiliklə müasirliyin sintezi vəhdət təşkil edəcək.

“Prezident İlham Əliyev Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə də bütün bu məsələlərə detallı şəkildə toxundu. Vətən müharibəsində şəhid olmuş insanların xatirəsinin hər zaman uca tutulmasının vacibliyini bildirən dövlətimizin başçısı bu səfər çərçivəsində də bir daha onların əziz xatirəsini andı. Bildirdi ki, Qubadlı sakini, Milli Qəhrəman Şükür Həmidov bütün hərbçilərimiz, gənc nəsil üçün nümunədir. Bu, bir dövlət başçısının, Ali Baş Komandanın şəhidinə, torpaq uğrunda canından keçən hərbçisinə verdiyi ən ali diqqətin təzahürüdür. İndiyə qədər Azərbaycanın müxtəlif regionlarında şəhidlərimizin əziz xatirəsinə bulaqlar inşa edilib, adları küçələrə, məktəblərə verilərək əziz xatirələri əbədiləşdirilib. Müvafiq addımlar işğaldan azad olunmuş ərazilərimizdə də atılacaq. Çünki o torpaqlar məhz qəhrəman Azərbaycan oğullarının rəşadəti sayəsində düşmən tapdağından azad oldu. Dövlətimizin başçısının da qeyd etdiyi kimi, 25 oktyabr Azərbaycan tarixində əlamətdar və tarixi bir gündür. Bu tarix həm qubadlılılar, həm də bütün Azərbaycan üçün əbədi Qələbə Günü olaraq qalacaqdır”, - deyə Ş.Həsənova əlavə edib.

Üçtərəfli bəyanatların regionda bütün nəqliyyat, kommunikasiyaların açılmasını özündə ehtiva edən çox mühüm sənədlər olduğunu qeyd edən politoloq bildirib ki, əsas məsələ onların icrası ilə bağlı həm Rusiyanın, həm də Azərbaycanın mövqeyinin üst-üstə düşməsidir. Belə ki, Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Naxçıvanla normal əlaqələrinin qurulmasını, kommunikasiyaların açılmasını Ermənistanın qarşısında duran ən ümdə vəzifələrindən biri kimi müəyyənləşdirir. Son hadisələr hər iki ölkənin, yəni, Rusiya və Azərbaycanın mövqelərinin eyni olması ilə yanaşı, ölkəmizin qarşıya qoyduğu məqsədinə nail olacağından xəbər verir. İlk vaxtlarda Ermənistan tərəfindən Zəngəzur dəhlizinin açılması ilə bağlı bəzən müsbət, bəzən mənfi, ümumilikdə dəyərləndirsək sabit olmayan mesajlar alırdıq. Dövlətimizin başçısının da səsləndirdiyi son fikirlər ondan xəbər verir ki, artıq Ermənistan da reallıqla barışıb və əslində, qarşısında alternativ yol da mövcud deyil. Şübhəsiz ki, bu, Azərbaycan dövlətinin qətiyyətinin və birbaşa cənab Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin qələbəsidir ki, ilk öncə torpaqları işğaldan azad etdi, ardınca nəqliyyat, infrastruktur bərpa olunur və hətta Ermənistan tərəfi vaxtilə işğal olunmuş ərazilimizdə yol verdikləri qanunsuz əməllərə görə beynəlxalq məhkəmələrə cəlb olunur. Yəni, qarşıya qoyulan məqsədlər ardıcıllıqla yerinə yetirilir.

Zəngəzur dəhlizinin əhəmiyyətinə toxunan Ş.Həsənova diqqətə çatdırıb ki, bu dəhliz, sadəcə, tarixi, regional deyil, qlobal müstəvidə də mühüm əhəmiyyət kəsb edir. Tarixə nəzər salsaq, vaxtilə 100 minlərlə azərbaycanlı yaşadıqları Zəngəzur ərazisindən deportasiya olunub və Zəngəzuru süni yaradılan Ermənistan SSR-in ərazisinə daxil etdilər. Beləliklə, regionda tarixi və coğrafi bütövlük pozuldu. Bu baxımdan da tarixi nöqteyi-nəzərdən Zəngəzur dəhlizinin açılması aramıza çəkilmiş süni divarların bir növ dağıdılmasıdır. Yəni, dəhliz Azərbaycanın əsas ərazisini ölkənin ayrılmaz hissəsi olan Naxçıvan Muxtar Respublikası, eləcə də Türkiyə ilə birləşdirəcək və bütöv türk dünyası üçün yeni imkanlar açacaq. Dəhliz Cənubi Qafqazda sülh, təhlükəsizlik və əməkdaşlığın bərpa olunmasında prinsipial əhəmiyyət daşıyır. Qlobal müstəvidə isə sözügedən dəhliz Azərbaycan, Ermənistan, Türkiyə, Rusiya və İranla yanaşı, Asiya-Sakit okean regionu ölkələrinə də böyük fayda verə bilər. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub, Şimal-Qərb nəqliyyat dəhlizləri kimi regional layihələrin icrasına mühüm töhfə vermişdir. Zəngəzur nəqliyyat dəhlizi də Azərbaycan ərazisindən Asiyanı Avropa ilə birləşdirən Şərq-Qərb dəhlizinin tərkib hissəsi olacaq ki, dəhliz ölkəmizə Avrasiyanın nəqliyyat və logistika mərkəzi kimi mövqeyini gücləndirməyə imkan verəcək.

“Müharibə zamanı hər gün, hər an Azərbaycanın yanında olduğunu bildirən Türkiyə dövlətinin dəstəyi nəticəsində ölkəmiz məkrli qüvvələrin regiona müdaxilə etməsinə, öz çirkli oyunlarını burada həyata keçirməsinə icazə vermədi. Bu baxımdan da Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı daimidir, ən əsası isə bunun üçün tarixi, milli, etnik, bir sözlə inkar olunmaz və ayrılmaz bağlar mövcuddur. Atalarımız yaxşı deyib: “Dost gəlişi bayram olar”. Bu səbəbdən də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oktyabrın 26-da Azərbaycana səfər etməsi bütün xalqımızı sevindirəcək bir hadisədir. Bu səfər ərzində Türkiyə-Azərbaycan münasibətlərinin bütün istiqamətləri yenidən nəzərdən keçiriləcək və ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi ilə bağlı mühüm müzakirələr aparılacaq. Nəticə etibarilə, bütün dünyaya bir daha məlum olacaq ki, Türkiyə hər zaman Azərbaycanın yanındadır”, - deyə politoloq fikirlərini yekunlaşdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.