SİYASƏT


Politoloq: Serj Sarkisyanın son müsahibəsi Ermənistanın hərbi cinayətlər törətdiyini bir daha üzə çıxarır

Bakı, 17 fevral, AZƏRTAC

Ataların gözəl bir məsəli var: yalan ayaq tutar, amma yeriməz. Dahilərin fikrincə isə ən ustalıqla deyilən yalanın belə bir gün üstü açılır. Ermənistanın keçmiş və indiki siyasi rəhbərliyi həmişə Qarabağ münaqişəsi ilə bağlı açıqlamalarında yalan və iftira dolu bəyanatlar veriblər. Təəssüflər olsun ki, bəzi xarici mənbələr də uzun müddət onların söylədikləri yalanları, əzbərlədikləri böhtanları həqiqət kimi qəbul edirdilər. Amma indi keçmiş siyasi rəhbər Serj Sarkisyanın ölkəsinin mətbuatına müsahibəsi onu göstərir ki, Ermənistan hakimiyyətinə inanmaq və etibar etmək olmaz. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, biz açıqlamalar verəndə, müəyyən fikir söyləyəndə sübutlarımızı da ortaya qoyuruq. Bizim dediklərimiz danılmaz faktlar, sübutlardır və onu heç kəs inkar edə bilməz.

Bunu AZƏRTAC-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, 44 günlük Vətən müharibəsi dövründə Azərbaycanın mülki əhalisini və ərazilərini raket atəşinə tutan Ermənistanın məqsədi dinc vətəndaşlara zərər vermək idi. Bunu bəzi erməni xadimləri etiraf edirdilər: “Düzdür, bu, birbaşa etiraf olmasa da, dolayı yolla bunu təsdiq edirdilər. “Böyük Ermənistan” xülyasının sabun köpüyünə döndüyünü görən ermənilər günahı bir-birinin üstünə yıxmaqla özlərinə təskinlik verirlər. Sarkisyan Paşinyanı günahlandırır, Paşinyan Köçəryanı və ya əksinə. Düşmən ölkənin keçmiş və indiki siyasi rəhbərliyinin bir-birini günahlandırması isə münaqişə ilə bağlı əsl həqiqətləri ortaya çıxarır. Həqiqət isə bundan ibarətdir ki, Ermənistanın keçmiş və indiki siyasi rəhbərliyinin hər bir nümayəndəsi məsuliyyət daşıyır”.

İlqar Vəlizadə qeyd edib ki, Serj Sarkisyan müsahibəsində, əslində, Araik Arutunyanı günahlandırır. Ad çəkməyən Sarkisyan bildirir ki, bir lovğa Gəncə aeroportunun məhv edilməsi ilə bağlı əmr verdiyini demişdi. Əslində isə, Ermənistan silahlı qüvvələri Gəncə aeroportunu deyil, mülki əhalini, dinc insanları hədəfə aldı. Sabiq prezident bu ağılsızlığı başa düşə bilmədiyini deyir.

Politoloqun sözlərinə görə, Sarkisyanın açıqlamaları onu göstərir ki, məsələlərlə bağlı onun əlində kifayət qədər dəlil və sübut var. O etiraf edir ki, məhz Arutunyan və indiki iqtidarın cinayətlərdə əli var. Bu, bizə deməyə əsas verir ki, belələrini məsuliyyətə cəlb eləmək üçün əsas var. Keçmiş və indiki erməni siyasi dairələrinin öz-özlərini ifşaetmə kampaniyası davam edir. Çox güman ki, yaxın günlərdə yeni faktlar açıqlanacaq. Azərbaycanın vaxtilə dünyaya çatdırmaq istədiyi faktları indi onlar özləri açıb tökəcəklər. Sarkisyanın müsahibəsi rəsmi Yerevanın hərbi cinayətlər törətdiyini bir daha üzə çıxarır. Bu, həmin Sarkisyandır ki, erməni xalqı onu üç il bundan əvvəl hakimiyyətdən uzaqlaşdırdı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.