SİYASƏT
Politoloq: Şuşa Bəyannaməsi regionun geosiyasi düzənini dəyişəcək inqilabi addım oldu
Bakı,16 iyun, AZƏRTAC
İyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzalanadıqları müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi olduqca vacib sənəddir. Bəyannamənin imzalanması təkcə Azərbaycan və Türkiyənin deyil, ümumilikdə regionun geosiyasi düzənini dəyişəcək inqilabi addım oldu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq Zaur Məmmədov bildirib.
Şuşa Bəyannaməsini Qars müqaviləsi ilə müqayisə edən politoloq vurğulayıb: “Prezident İlham Əliyev çıxışında Qars müqaviləsi mövzusuna toxundu və həmin müqavilənin 100-cü ildönümündə Azərbaycan ilə Türkiyə arasında çox vacib tərəfdaşlıq Bəyannaməsinin qəbul edilməsindən söz açdı. Burada söhbət təbii ki, Azərbaycan və Türkiyə dövlətlərinin daha yaxın və bütün istiqamətlərdə nəzərdə tutulan sıx əməkdaşlığından gedir. Bu sazişlə iki dövləti bir–birinə daha da yaxınlaşdı”.
Politoloq bildirib ki, Azərbaycan və Türkiyə vətəndaşları şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərlər həyata keçirə bilərlər. Bu saziş isə həm Azərbaycan və Türkiyə xalqları, həm də dövlət orqanları arasında inteqrasiyanı sıxlaşdıracaq. Faktiki olaraq sərhədlər aradan götürüləcək. Biz həm hərbi, həm də iqtisadi sahədə iki dövlətin vahid şəkildə əməkdaşlığının və fəaliyyətinin şahidi olacağıq. “Təbii ki, Bəyannamədə diqqətimizi ən çox çəkən məqamlardan biri hərbi əməkdaşlıq və milli təhlükəsizlik ilə bağlıdır. Sənəddə göstərilir ki, əgər iki dövlətdən hansısa birinin sərhədlərinə, müstəqilliyinə, suverenliyinə təhdid olarsa, digəri həmin dövləti beynəlxalq hüquq əsasında müdafiə edəcək. Məsələn, əgər Azərbaycan qonşu dövlətlər tərəfindən təhdid olunarsa, Türkiyə ordusunun yanımızda olması, Azərbaycanın Türkiyə ordusunun dəstəyini alacağı anlamına gəlir. Bu, bizi istəməyən qüvvələrə ciddi mesajdır. Eyni zamanda, bu, gələcəkdə ermənilərin əli ilə Azərbaycan sərhədlərində narahatlıq yaratmaq istəyənlərə, Ermənistandakı revanşist qüvvələrə xəbərdarlıqdır ki, Türkiyə ordusunu qarşılarında görə bilərlər”,- deyə politoloq qeyd edib.
İnformasiya təhlükəsizliyi sahəsində Türkiyə-Azərbaycan münasibətlərinə nəzər salan Zaur Məmmədov bildirib ki, Dövlət Təhlükəsizlik xidmətləri orqanlarının mütəmadi iclaslar keçirməsi, müdafiə sənayesi sahəsində Azərbaycanda Türkiyəyə məxsus dronların istehsalına başlanılması olduqca vacib məsələlərdəndir. Bu, təbii ki, Azərbaycanın sabah daha da güclənməsinə - onun təhlükəsizliyinin artmasına, müdafiə potensialının yüksəlməsinə səbəb olacaq tədbirlərdəndir. Eyni zamanda, informasiya müharibəsinin davam etdiyini nəzərə alaraq, diaspora və media sahəsində də fəaliyyətin koordinasiyasından bəhs edilir. Bizə məlumdur ki, Azərbaycan və Türkiyə müharibə başlayan andan etibarən media və diaspora sahəsində səmərəli addımlar atıblar. Bəyannamədə göstərilir ki, bundan sonra daha böyük işlər görüb vahid informasiya məkanı yaradaraq həm media sahəsində, həm də xaricidəki diasporların fəaliyyətini koordinasiya etmək əlçatan olacaq.
Politoloq son zamanlar siyasi gündəmdə olan Zəngəzur dəhlizi məsələsinə də toxunub. O qeyd edib ki, bu dəhliz uğrunda həm qonşu, həm də digər dövlətlər uzun müddətdir mübarizə aparırdılar. “1918-1920-ci illərdə Zəngəzurda bədxah qonşularımız siyasi iğtişaşlara başladılar. 1920-ci ildə Zəngəzurun Azərbaycanın icazəsi olmadan sovetlər tərəfindən Ermənistana qeyri-qanuni şəkildə verildiyinin də tarixi şahidləriyik. Nəticədə Zəngəzur iki yerə bölünərək qərb hissəsi Ermənistana təhvil verildi. Nəhayət, Azərbaycan ordusunun 100 il sonra Zəngəzurun şərq hissəsini geri qaytarması, o cümlədən qərb hissəsi vasitəsilə Naxçıvan və Azərbaycanın əsas hissəsinin birləşməsi müstəsna və tarixi hadisədir. Türkiyə və Azərbaycanın birləşməsi təbii ki, bizim maraqlarımıza ən üst səviyyədə cavab verən məqamlardandır. Xatırlatmaq yerinə düşər ki, vaxtilə Rusiya və Turan dövlətinin yaranmasını istəməyən dövlətlər Türkiyə ilə Azərbaycan arasında qondarma xristian dövləti qurmaq üçün erməni məsələsini ortaya ataraq bu torpaqlarda qondarma Ermənistan dövlətini qurublar”, - deyə Z.Məmmədov vurğulayıb.
Z.Məmmədov bildirib ki, Zəngəzur dəhlizinin açılması ilə regionda artıq Ermənistanın geosiyasi əhəmiyyəti azalır. Biz Şuşa Bəyannaməsi ilə yeni siyasi cığıra qədəm qoyuruq. Bir sıra dövlətlərin regionda 200 ilə yaxın davam edən ağalığına son qoyan Azərbaycanın bütün bu uğurların arxasında Prezident İlham Əliyevin strateji düşüncəsi, rasional xarici və daxili siyasəti dayanır.