SİYASƏT
Politoloq: Vətən müharibəsindəki Zəfər Ordumuzu dünyanın ən qabaqcıl hərbi birləşmələri sırasına daxil etdi
Bakı, 25 iyun, AZƏRTAC
26 İyun – Silahlı Qüvvələr Günü qalib ölkənin vətəndaşları üçün qürur dolu bir bayramdır. Biz Ordumuzun təşəkkül tapmasında ulu öndər Heydər Əliyevin adını xatırlamalıyıq. Məhz Azərbaycanın zabit kadr potensialının formalaşmasında Ümummilli Liderimizin adı mütləq qeyd edilməlidir. Belə ki, Cəmşid Naxçıvanski və Heydər Əliyev adına Hərbi Liseylərin məzunları Azərbaycan Ordusunun şəxsi heyəti sıralarında bu gün də şərəflə öz missiyalarını yerinə yetirirlər. Eyni zamanda, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbə Azərbaycan Ordusunu dünyanın ən qabaqcıl və aparıcı hərbi birləşmələri sırasına daxil etdi. Məhz operativ taktiki tapşırıqların qəhrəmanlıqla və şücaətlə yerinə yetirilməsi dünyada Ordumuzun reytinqini yüksəltdi.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq İlyas Hüseynov söyləyib.
O qeyd edib ki, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Vətən müharibəsi dövründə fəaliyyəti, dünyanın ən aparıcı media orqanlarına müsahibəsi, hərbçilərimizlə görüşü, həmçinin xalqa müraciəti və torpaqlarımızın azad olunması ilə bağlı sosial şəbəkələrdə paylaşımları bu gün də xatırlanır. Ordu quruculuğunun müasir standartlar səviyyəsinə qaldırılması, ölkəmizin müdafiə sənayesinin yaradılması, yeni silahlarla təchizat prosesi, eyni zamanda, beynəlxalq səviyyədə qazanılan uğurlar Azərbaycanın Qələbəsini şərtləndirdi. Bundan əlavə, dövlətdə lider faktoru da nəzərə alınmalıdır. Belə ki, Prezident İlham Əliyevin liderliyi ilə Azərbaycan Ordusunun qazandığı Qələbə misli görülməmiş bir şücaətdir.
“Bu gün rəşadətli Azərbaycan Ordusu daha da təkmilləşdirilir. Hərbçilərimizin müxtəlif təlim və seminarlarda iştirakı Ordumuza daha da güc qatır. Postmünaqişə dövründə də Komando briqadalarının açılışı zamanı Prezident İlham Əliyevin mühüm mesajları revanşist və Ermənistanın millətçi radikal qrupunun bütün planlarının üstündən xətt çəkdi. Azərbaycan bu gün regionda ən güclü dövlətə sahibdir. Ordumuz ölkəmizin ərazi bütövlüyünün, sərhədlərinin toxunulmazlığının və müstəqilliyinin qarantıdır. Xüsusilə qeyd edək ki, Şuşa Bəyannaməsinin imzalanması ilə Azərbaycanla-Türkiyə arasında olan münasibətlər müttəfiqlik səviyyəsinə yüksəldi. Bu gün hər iki ölkə regionda təhlükəsizliyin gücləndirilməsi, sülhün dayanıqlı olması istiqamətində birgə fəaliyyət göstərirlər. Digər tərəfdən, müdafiə xərclərinə və hərbi təyinatlı məhsulların alınmasına dövlət büdcəsindən böyük vəsait ayrılır. Bu da Azərbaycanın təhlükəsizliyinin təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir. Dünyada yaradılan yeni paradiqmalar, çağırışlar mütləq şəkildə hərbi doktrinada nəzərə alınır. Ən müasir tələblərə cavab verən ordu quruculuğunun yaradılması Azərbaycanın təhlükəsizlik arxitekturasının gücləndirilməsi baxımından aktuallıq kəsb edir. Prezident, Ali Baş Komandan İlham Əliyevin uzaqgörənliyi və hərbi bilikləri Ordumuzun gələcəyi baxımından da çox əhəmiyyətlidir.