Politoloq: Yeni kommunikasiya bağlantılarının yaradılması uzunmüddətli inkişafı dəstəkləyəcək
AzerTAg.az

Bakı, 14 mart, AZƏRTAC
İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumunun imzalanması mühüm əhəmiyyət kəsb edir. Nəzərə almaq lazımdır ki, bu tarixi sənəd Azərbaycanla İran arasında diplomatik münasibətlərin yaradılmasının 30 illik yubileyi ərəfəsində imzalanıb. Azərbaycan və İran arasında iqtisadi-ticari, siyasi sahələrdə münasibətlərin bundan sonra da dərinləşəcəyini proqnozlaşdırmaq olar. Qeyd edək ki, Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında kommunikasiya bağlantıları məhz İran ərazisi vasitəsilə həyata keçiriləcək. Avtomobil, dəmir yolu, rabitə və elektrik enerjisinin nəqli də bu yeni Anlaşma Memorandumu sayəsində baş tutacaq. Bu baxımdan bütün regionun nəqliyyat, kommunikasiya strukturunda yeni bir yanaşmanı müşahidə edəcəyik.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq İlyas Hüseynov söyləyib.
O qeyd edib ki, il yarımdan çox müddət ərazində Azərbaycan Zəngəzur dəhlizi ilə bağlı Ermənistan tərəfindən konstruktiv yanaşmanı gözləsə də, qarşı tərəfdən müsbət addımlar atılmadı.
Ötən il yanvarın 11-də Moskvada imzalanmış üçtərəfli Bəyanat əsasında birgə komissiyanın öz işinə başladığını qeyd edən politoloq deyib: “Ötən müddət ərzində Ermənistan tərəfi komissiyanın işinə müxtəlif əngəllər törətdi. Ermənistanda keçirilmiş növbədənkənar parlament seçkiləri, ondan sonra baş verən vəziyyət, ümumilikdə üçtərəfli işçi qrupunun öz işinin geniş miqyasda həyata keçirməsində maneələrlə üzləşdiyini qeyd edə bilərik. Həmçinin Ermənistan tərəfi Zəngəzur dəhlizi ilə bağlı konkret fikirlə çıxış etmirdi. Buna baxmayaraq, Azərbaycan iqtisadi və texniki sahədə əsaslandırmanı Ermənistana təqdim etsə də, yekun bir nəticə əldə etmək mümkün olmurdu. Belə olan halda, Azərbaycan alternativ marşrutlara nəzər saldı. Beləcə, Azərbaycan Araz çayı boyunca Ermənistan sərhədlərindən 5 kilometr məsafədə xüsusi körpülərin salınması işini həyata keçirəcək. Burada Şərqi Zəngəzur iqtisadi rayonunun dirçəldilməsinin məhz Qarabağımızın, Şərqi Zəngəzurun yenidən qurulması prosesinin tərkib hissəsi olduğunu vurğulamalıyıq”.
İlyas Hüseynov bildirib ki, dünyada gedən proseslər fonunda dövlətimizin başçısının region ölkələri ilə qarşılıqlı faydaya əsaslanan əməkdaşlıq münasibətləri təklif etməsini, həmçinin bərabərhüquqlu münasibətlər sistemində xalqların rifahı haqqında irəli sürülən tezislərinin dəstəklənməsinin şahidi olduq. Bu da Prezident İlham Əliyevin praqmatik və uzaqgörən diplomat olduğunu nümayiş etdirir.
“Bölgənin və daha geniş coğrafiyanın tərəqqisinə istiqamətlənən qlobal təşəbbüslər uzunmüddətli dayanıqlı inkişafı dəstəkləyəcək. Ermənistan tərəfi isə siyasi və geosiyasi nöqteyi-nəzərdən dalana çevrilib. Dövlətimizin iqtisadi rifahı fonunda Ermənistan bu gün Azərbaycanın əməkdaşlıq zəminində konstruktiv səylərini inkar etdiyinə görə peşman olacaq. Lakin Azərbaycan daha çox gələcəyə yönələn addımlar atır. Belə ki, düşünülmüş siyasətin nəticəsi olaraq Azərbaycanla İran arasında yeni kommunikasiya bağlantılarının yaradılması yönündə tarixi və çox böyük əhəmiyyət kəsb edən Anlaşma Memorandumu imzalanıb”, - deyə politoloq fikrini yekunlaşdırıb.
Xəbərin mətnində orfoqrafik səhv var