SİYASƏT


Polkovnik Babək Ələkbərov: Qürurluyam ki, qalib Ali Baş Komandanın, qalib dövlətin, qalib xalqın zabitiyəm

Bakı, 12 aprel, AZƏRTAC

Cənab Ali Baş Komandan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hər bir hərbi qulluqçusu kimi, biz sərhədçilər də Sizin hücum əmrinizi gözləyirdik. Düşmənin növbəti təxribatlarına cavab olaraq, Sizin Müzəffər Ali Baş Komandanlığınız ilə Dövlət Sərhəd Xidmətinin qarşısına qoyduğunuz tapşırıqlar uğurlu icra olunub.

AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyevin hərbi qulluqçularla görüşündə Dövlət Sərhəd Xidmətinin polkovniki Babək Ələkbərov söyləyib.

O bildirib ki, Azərbaycan-İran dövlət sərhədinin 132 kilometrlik hissəsinin, Füzuli, Cəbrayıl, Zəngilan, Qubalı rayonlarının, eləcə də Hadrut qəsəbəsinin, Şuşa şəhərinin azad olunmasında Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçuları şücaət və qəhrəmanlıq göstəriblər. Ermənistanla dövlət sərhədi boyu olan ərazilərimizdə və yüksəkliklərdə Azərbaycanın üçrəngli bayrağı, Zəfər bayrağı dalğalanmaqdadır.

Babək Ələkbərov deyib: “İkinci Qarabağ müharibəsi dövründə ən sürətli əməliyyat kimi yadda qalmış hücumda 24 saat ərzində 105 kilometr ərazini işğaldan azad edərək düşmənə ağır zərbələr endirmişik. Dövlət sərhədində Bartaz, Şükürataz, Qızıldaş kimi mühüm yüksəkliklər işğaldan azad edilmişdir. Dövlət Sərhəd Xidmətinin “Harop”, “Quzğun” və “Hermes” kimi pilotsuz uçuş aparatlarının peşəkar tətbiqi nəticəsində düşmənin 290 texnikası məhv edilib. Özümü çox xoşbəxt hesab edirəm ki, qədim Xudafərin körpüsünün və Zəngilan şəhərinin işğaldan azad olunmasını cənab Ali Baş Komandan Sizə məruzə etmək şərəfi mənə nəsib olmuşdur”.

Onları yüksək dövlət mükafatı ilə təltif etdiyinə görə minnətdarlığını bildirən Babək Ələkbərov Ali Baş Komandan İlham Əliyevi əmin edib ki, Azərbaycan sərhədçiləri bütün sərhədlərimizin mühafizəyə götürülməsi kimi çətin və şərəfli tapşırığın öhdəsindən bundan sonra da əzmkarlıqla gələcəklər.

“Qürurluyam ki, mən qalib Ali Baş Komandanın, qalib dövlətin, qalib xalqın zabitiyəm”, - deyə polkovnik vurğulayıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.