SİYASƏT
Polkovnik Eray Güclüer: Azərbaycan və Türkiyənin müttəfiqliyi bölgədə sülh və inkişafın qarantıdır
Ankara, 16 iyun, AZƏRTAC
İyunun 15-də Şuşada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” bütün dünyaya verilən qardaşlıq mesajıdır. Bu sənədin imzalanması müstəqil Azərbaycanın inkişaf və tərəqqisinin təntənəsidir. Azərbaycan qısa zaman kəsiyində əsrə bərabər inkişaf yolu keçərək Türkiyə ilə müttəfiqlik səviyyəsinə çatmaqla iki qardaşın gücünün birləşməsinə əsaslar yaradıb.
Bu fikirləri türkiyəli hərbi ekspert, ehtiyatda olan polkovnik, doktor Eray Güclüer AZƏRTAC-a müsahibəsində söyləyib.
Şuşa Bəyannaməsinin imzalanmasını Azərbaycanın Milli Qurtuluş Gününə və tarixi Qars müqaviləsinin yüzüncü ildönümünə təsadüf etməsini əlamətdar hadisə kimi qiymətləndirən hərbi ekspert deyib: “İnkişafın, tərəqqinin və rifahın yeganə yolu sülh və sabitlikdir. Buna nail olmaq üçün qarşılıqlı etimad və inam olmalıdır. Azərbaycan və Türkiyə müttəfiqliklə heç bir tərəfi təhdid etmir. Əksinə, bu müttəfiqlik sülh şəraitində birgəyaşayışın təhlükəsizliyinə zəmanətdir. Ermənistan bundan nəticə çıxararaq bölgədə sülh və sabitliyin təminatına səy göstərməlidir”.
Azərbaycan və Türkiyə münasibətlərinin hazırkı vəziyyətini yüksək qiymətləndirən ekspert Eray Güclüer əminliklə bildirib ki, Şuşa Bəyannaməsi iki ölkə arasında hərbi əməkdaşlığın, o cümlədən birgə təlimlərin genişlənməsini və müdafiə sənayesi sahəsindəki dinamik inkişafı təmin edəcəkdir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara