SİYASƏT
Polkovnik Eray Güclüer: Regiondakı bütün hərbi risklərə görə Ermənistan dövləti məsuliyyət daşıyır
Ankara, 17 noyabr, AZƏRTAC
Ermənistanın dövlət sərhədində törətdiyi hərbi təxribat yenidən işğal üçün revanş cəhdidir. Beynəlxalq ictimaiyyət törədilən terror aktına görə təcavüzkar tərəfə etirazını bildirməli və ciddi ölçü götürülməlidir. Baş verən hadisələrə və mövcud hərbi risklərə görə bütün məsuliyyəti təcavüzkar Ermənistan dövləti daşıyır.
Bu fikirləri türkiyəli hərbi ekspert, ehtiyatda olan polkovnik elmlər doktoru Eray Güclüer AZƏRTAC-a müsahibəsində deyib.
Ermənistanın işğalçı, eləcə də məğlub və təslimçilik aktı qəbul edən dövlət olduğunu xatırladan ekspert Eray Güclüer bildirib: “Azərbaycanın qəhrəman övladları böyük igidlik göstərərək dövlət sərhədini qoruyub və düşmənə sarsıdıcı zərbə vurublar. Şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyirik. Ermənistan rəhbərliyi unutmasın ki, son hərbi təxribatlarla erməni revanşist qüvvələri canlandırmaq, onlara ümid vermək cəhdi yenə də boşa çıxacaq. İşğal dövründən fərqli olaraq, Ermənistanın hərbi hücumları təcavüzkar tərəfin öz ərazisinə və əhalisinə böyük təhlükə yaradır. Ermənistan siyasətçiləri və erməni lobbisi yaddan çıxarmamalıdır ki, artıq 1990-cı illər deyil. O vaxt Ermənistan birtərəfli qaydada silahlandırıldı və məhz terror aktlarının gücü ilə işğalçılığa nail oldu. Hazırda bütün sərhəd boyunca üstünlük və nəzarət Azərbaycan Ordusunun tərəfindədir”.
İşğaldan azad edilmiş ərazilərdə geniş yenidənqurma, abadlıq, tikinti işlərinin aparıldığı bir vaxtda yeni müharibə cəhdləri təcavüzkar tərəfə yaxşı heç nə vəd etmədiyini diqqətə çatdıran polkovnik Eray Güclüer deyib ki, Ermənistanın beynəlxalq hüquq normalarını və özlərinin də tərəfdar çıxdığı, şəxsən bu ölkənin baş naziri Nikol Paşinyanın imzaladığı bəyanatların şərtlərini pozması beynəlxalq ictimaiyyət tərəfindən sükutla qarşılana bilməz.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara