CƏMİYYƏT
Polkovnik: Prezidentimizin Müstəqillik Günündə Laçına səfəri həm də rəmzi məna kəsb edir
Bakı, 30 may, AZƏRTAC
Prezidentin Müstəqillik Günündə Laçına səfəri rəmzi məna kəsb edir. Belə tarixi gündə dövlət başçımızın işğaldan azad edilən Laçına səfər etməsi, Prezidentimizin müstəqilliyimizə, ərazi bütövlüyümüzə olan ehtiramını nümayiş etdirir.
Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.
Polkovnik qeyd edib ki, səfər və o əsnada dövlətimizin başçısının verdiyi bəyanatlar dövlətimizin bu günü, gələcəyə baxışı baxımından mühüm əhəmiyyət kəsb edir: “Dövlət başçısı Laçın səfəri əsnasında rayon ərazisində bir neçə açılışlarda iştirak etdi, habelə, bir çox müəssisəsinin, yaşayış məntəqəsinin təməlini qoydu. Prezident İlham Əliyev səfər əsnasında atdığı addımlar və verdiyi bəyanatlarla göstərdi ki, bu torpaqların əsl sahibi həqiqətən də Azərbaycan xalqıdır. Bu xalq öz qurub-yaratmaq eşqi ilə erməni faşizminin viran qoyduğu bu torpaqlara yenidən həyat verməyə qadirdir.
Prezidentin Laçın səfəri dövlətimizin sülhə, quruculuğa verdiyi önəmi göstərdi. Bu səfər həm də göstərdi ki, postmüharibə dövründən sonra belə Ermənistan Azərbaycanın sülh səylərini dəstəkləmək istəmir. Lakin Azərbaycan öz sülh siyasəti ilə və erməni faşizmini, onun terrorçuluq siyasətini ifşa etməklə, bu siyasətə bütün müstəvilərdə layiqli cavab verməklə rəsmi İrəvana sülhdən başqa yol qoymur.
Prezident Laçın sakinləri ilə söhbətində onlara 2011-ci ildə Ağcabədidə həmin sakinlərlə görüşəndə dediyi sözləri xatırlatdı. Diqqətə çatdırdı ki, həmin vaxt əminliklə bildirmişdim ki, biz Laçına qayıdacayıq və bu gün Laçın sakinlərinin öz doğma yurduna qayıdışı bu sözün təsdiqidir”.
Respublika Veteranları Təşkilatının sədr müavini dövlətimizin işğaldan azad edilən bütün ərazilərdə, o cümlədən Laçın rayonunda erməni faşizmi tərəfindən dağıdılan tarixi-mədəni abidələrin bərpasını da diqqət mərkəzində saxladığını vurğulayıb: “İşğal dövründə Ermənistan Azərbaycan ərazilərindəki minlərlə dini, tarixi, mədəni abidəni, memarlıq nümunəsini vəhşicəsinə dağıdıb, onları yararsız hala salıb. Təkcə bir faktı qeyd edək ki, ermənilər vaxti ilə işğal altında saxladıqları ərazilərdə 1941-1945-ci illərə aid 37 abidəni dağıdıblar. Əvəzində İrəvanda faşizmin nökəri olan Qaregin Njdeyə abidə ucaldılıb. Habelə, işğal altında olmuş rayonlarda faşizmi, separatizmi, terrorizmi təbliğ edən qondarma abidələr inşa edilib. Hansı ki, antiinsani dəyərləri, faşizmi təbliğ edən bu qondarma abidələr dövlətimiz tərəfindən haqlı olaraq sökülür.
Bu gün Azərbaycan bütün regionda sülhü, təhlükəsizliyi təmin etmək üçün ciddi addımlar atır. Dövlətimizin siyasəti, Prezidentimizin qətiyyəti və ortaya qoyduğu aydın, konkret mövqe onu göstərir ki, Azərbaycan bundan sonra da regional təhlükəsizliyi təmin etmək üçün ehtiyac duyulan bütün addımları atacaq”.