ORDU
Polkovnik Şair Ramaldanov: Azərbaycan Ordusunun layiqli cavabı nəticəsində düşmənin itkiləri daha çoxdur
Bakı, 13 iyul, Məhərrəm Əlioğlu, AZƏRTAC
Ermənilərin hər hansı istiqamətdə təxribat törədəcəyi haqqında Azərbaycan Ordusunun məlumatı var idi. Bilirsiniz ki, düşmən dəfələrlə digər istiqamətlərdə təxribatlar törətməyə cəhdlər edib. Ancaq Azərbaycan Ordusunun bölmələri qabaqlayıcı tədbirlər görərək ermənilərin bu cəhdlərinin qarşısını alıb.
Bunu Ermənistan silahlı qüvvələrinin bölmələrinin Tovuz istiqamətində təxribat törətmələrini AZƏRTAC-a şərh edən ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
Ş.Ramaldanov qeyd edib ki, ümumiyyətlə düşmənin yerdəyişməsi və bütün hərəkətləri Azərbaycan Ordusunun bölmələri tərəfindən müşahidə olunur və nəzarətdə saxlanılır. Hər an lazımi tədbirlər görülür. Bundan başqa, Azərbaycan Respublikasının Müdafiə naziri, general-polkovnik Zakir Həsənov da irimiqyaslı təlimlərdən sonra şəxsi heyətin qarşısına tapşırıq qoyarkən bu məsələyə diqqət yetirib ki, erməni tərəfi hər an təxribat törədə bilər. Bu təxribata biz hazır olmalıyıq. Ondan sonra bilirsiniz ki, Müdafiə naziri dəfələrlə cəbhə bölgəsinə gedib və orada vəziyyətlə yerində tanış olaraq lazımi göstərişlər verib. Azərbaycan Ordusu düşmənin təxribatının qarşısını almaq üçün hər an hazırdır. Düşmən yenə də Azərbaycan-Ermənistan sərhədində təxribat törətməyə cəhd göstərib. İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından istifadə etməklə mövqelərimizi atəşə tutublar. Yəni, Azərbaycanın dövlət sərhədini pozaraq irəliləmək fikrində olub. Düşmənin bu təxribatının qarşısı Azərbaycan Ordusunun bölmələri tərəfindən alınıb və orada döyüş gedib, artilleriya, minaatan silahlardan istifadə olunub. Nəticədə düşmən itkilər verərək geri çəkilib. Təəssüflə qeyd edək ki, Azərbaycan Ordusu da şəhid verib. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
“Amma bu gecə düşmən bir daha Tovuz istiqamətində təxribat törətməyə cəhd göstərib və dövlət sərhədini pozaraq ərazilərimizi ələ keçirmək istəyib. Lakin Azərbaycan tərəfi düşməni tələfata uğradaraq geriyə çəkilməyə məcbur edib. Dövlət sərhədində bu təxribatın törədilməsinin səbəbləri ondan ibarətdir ki, Ermənistanda Paşinyan ritorikası getdikcə güclənir. Artıq populizmlə dolu çıxış edən N.Paşinyan heç kim üçün maraqlı deyil. Digər tərəfdən, pandemiya dövründə də Ermənistanda sosial vəziyyət daha gərginləşib. Bu vəziyyətdə daxili problemlərdən cəmiyyətini yayındırmaq üçün həmişəki kimi belə üsullardan istifadə edir. Yəni, düşmənin məqsədi dövlət sərhədində müəyyən gərginlik törətmək və diqqəti oraya yönəltməkdir. İkinci səbəb isə ondan ibarətdir ki, Ermənistan rəhbərliyinin üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzv dövlətlərə müraciəti və onlardan yenə də silah-sursat dilənməsi olacaq. Düşünürəm ki, növbəti günlərdə bu haqda məlumat yayılacaq. Onların məqsədi KTMT-yə üzv dövlətlərin diqqətini problemə cəlb etməkdir. Ona görə də Ermənistan tərəfi Tovuz istiqamətində vəziyyəti gərgin saxlamaqla buna nail olmaq niyyətindədir. Ancaq bu düşmənə baha başa gəlir.
Bilirik ki, düşmən iyunun 12-si və 13-də törətdiyi təxribatlar zamanı bölmələrimizin adekvat cəza tədbirləri sayəsində çoxsaylı itkilərə məruz qalıb. Çünki artilleriya və minaatan atəşi saatlarla davam edib. Burada düşmən tərəfi itkisiz ola bilməz. Artıq Ermənistan rəhbərliyi faktları tam gizlətməyi bacarmır və məcbur olaraq bu itkiləri barədə öz saytlarında və sosial şəbəkələrində məlumatlar yerləşdirirlər.
Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov da dəfələrlə deyib ki, düşmənin hər hansı istiqamətdə təxribatının qarşısı çox ağır alınacaq və düşmən üçün böyük itkilərlə nəticələnəcək. Bunu da biz dünənki və bu gün davam edən təxribatın qarşısını alanda gördük. Düşmən layiqli cavabını alıb”.