CƏMİYYƏT
Polkovnik: Təxribatların davam etməsi İrəvanın sülhlə bağlı ciddi tərəddüdlərinin olduğunu göstərir
Bakı, 7 iyun, AZƏRTAC
Təxribatların davam etməsi İrəvanın sülhlə bağlı ciddi tərəddüdlərə malik olduğunu göstərir.
Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.
Polkovnik qeyd edib ki, ermənilərin ordumuzun mövqelərini mütəmadi surətdə atəşə tutması, separatçıların yeni təxribatlara hazırlaşması göstərir ki, İrəvanda sülhlə bağlı vahid, konkret mövqe mövcud deyil: “Post-müharibə dövründə Ermənistan dəfələrlə ordumuzun mövqelərini atəşə tutub, müxtəlif təxribatlar həyata keçirib. Bütün bu təxribatların qarşısı Azərbaycan Silahlı Qüvvələri tərəfindən qətiyyətlə alınıb. Ancaq buna baxmayaraq, Ermənistan bu gün də təxribatlardan, məkrli niyyətlərindən əl çəkmək istəmir. Mina terrorunun davam etməsi, ermənilərin ordumuzla üzbəüz mövqelərdə mühəndis işləri həyata keçirməyə cəhd göstərməsi, revanşist iddiaların bu gün də ara verməməsi buna nümunədir.
“Bütün bunlar onu göstərir ki, Ermənistan hakimiyyətində Azərbaycanla münasibətlərin gələcəyi, sülhlə bağlı aydın mövqe yoxdur. Buna görə də İrəvan bir tərəfdən sülhdən danışsa da, digər tərəfdən təxribatlara əl atır, mövcud status-kvonu dəyişməyə səy göstərir. Lakin rəsmi İrəvan, o cümlədən Ermənistandakı bütün revanşist qüvvələr, habelə onların havadarları bilməlidirlər ki, onlar gec-tez Azərbaycanın sülh səylərini dəstəkləməyə, onun şərtlərini qəbul etməyə məcbur olacaqlar. Çünki Ermənistan üçün ikinci bir yol, alternativ variant mövcud deyil”, - deyə Respublika Veteranları Təşkilatının sədr müavini vurğulayıb.
Qeyd edək ki, Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına əsasən iyunun 6-sı saat 11:40-dan saat 16:50-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Qaraiman yaşayış məntəqəsi istiqamətindəki mövqelərindən Ordumuzun Daşkəsən rayonunun Astaf yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub. Bundan başqa, saat 16:25 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Azərbaycan Ordusunun Ağdam rayonu istiqamətindəki mövqelərini də atəşə tutub. Bölmələrimiz qeyd olunan bütün istiqamətlərdə adekvat cavab tədbirləri görüblər. Eyni zamanda, qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri Ordumuzun Şuşa, Xocavənd və Ağdam rayonları istiqamətlərində yerləşən mövqelərinin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər. Azərbaycan Ordusunun bölmələrinin gördükləri təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.