ORDU
Polkovnik Vaqif Dərgahlı: Azərbaycan Ordusu düşmənə qarşı tədbirləri davam etdirəcək VİDEO
Tovuz, 13 iyul, AZƏRTAC
İyulun 12-də günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində atəşkəs rejimini kobud sürətdə pozaraq bölmələrimizin yerləşdiyi mövqeləri atəşə tutublar. Bu atəş xüsusilə iriçaplı silahlardan - 60 və 120 millimetrlik minomyotlardan açılıb. Eyni zamanda, artilleriya qurğularından da mövqelərimiz atəşə tutulub.
AZƏRTAC xəbər verir ki, bunu iyulun 13-də Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı jurnalistlərə müsahibəsində deyib.
V.Dərgahlı bildirib ki, komandanlıq tərəfindən qərar qəbul edilib və düşmənin fəaliyyətinin qarşısının alınması məqsədilə adekvat cavab tədbirləri görülüb. Düşmən tərəfi təxribatı davam etdirmək məqsədilə mövqelərimizə hücuma keçməyə cəhd göstərib. Bu hücumun da qarşısı alınıb.
“Gecə saatlarında düşmən tərəfi həmişə olduğu kimi, cəbhədə verdiyi itkilərin qarşısını almaq məqsədilə bölmələrimizi, eyni zamanda, Tovuz rayonunun Ağdam kəndini - yaşayış məntəqəsini atəşə tutub. Əhali arasında heç bir itki yoxdur. Kənddə yaşayan əhalinin əhval-ruhiyyəsi yüksək səviyyədədir. Azərbaycan Ordusu düşmənə qarşı tədbirləri davam etdirəcək”, - deyə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri qeyd edib.