MƏDƏNİYYƏT


Polkovnik-leytenant Babək Ramaldanov haqqında videoməlumat hazırlanıb

Bakı, 9 avqust, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, Xətai rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası İkinci Qarabağ müharibəsi şəhidi polkovnik-leytenant Babək Ramaldanovun anadan olmasının 40 illiyi ilə bağlı videoməlumat hazırlayıb.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, videoməlumatda Babək Ramaldanov haqqında, həmçinin onun döyüşdə göstərdiyi şücaəti barədə geniş məlumat yerləşdirilib. Qeyd edilib ki, əslən Qusar rayonundan olan şəhid polkovnik-leytenant 1997-2000-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2000-2004-cü illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində, 2017-2019-cu illərdə isə Rusiya Silahlı Qüvvələrinin Ümumqoşun Liseyində ali hərbi təhsil alıb. O, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşaraq şəhidlik zirvəsinə ucalıb. Polkovnik-leytenant B.Ramaldanov II Şəhidlər xiyabanında dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin sərəncamlarına əsasən Babək Ramaldanov ölümündən sonra "Vətən uğrunda", "Azərbaycan Bayrağı" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.