DÜNYA
Polşa Avropa İttifaqına mühacir axınına qarşıdır
Bakı, 9 iyun, AZƏRTAC
Afrikadan və Yaxın Şərq ölkələrindən olan mühacirlərin Avropa İttifaqına kütləvi axınına qarşı çıxan Polşanın hakimiyyət orqanları sərhədlərin bərkidilməsini vacib sayır.
AZƏRTAC xəbər verir ki, bu barədə Polşanın Baş naziri Mateuş Moravetski mətbuat konfransında deyib.
“Biz şərq sərhədlərində olduğu kimi, cənub sərhədlərinin də bərkidilməsini və böyük mühacir kütləsinin qarşısının alınmasını istəyirik”, - deyə Baş nazir bildirib. Onun sözlərinə görə, miqrasiya məsələsi Avropa İttifaqının iyunun sonlarında keçiriləcək növbəti sammitində müzakirə ediləcək.
“Nə qədər ki, “Hüquq və ədalət” partiyasının formalaşdırdığı Nazirlər Kabineti hakimiyyətdədir, bizə sırınan hansısa qaçqın kvotası siyasətinə, Afrikadan, Yaxın Şərqdən, ərəb və müsəlman ölkələrindən mühacir kvotasına imkan verməyəcəyik. Bu məsələdə mövqeyimiz birmənalıdır”, - deyə Mateuş Moravetski əlavə edib.
Polşa 2021-ci ilin payız aylarında Belarusla sərhəddə ciddi miqrasiya böhranı ilə üzləşib. O zaman Belarusdan Polşaya qanunsuz yollarla 40 min nəfər daxil olmağa cəhd göstərib. 2022-ci ildə onların sayı 15,7 min nəfər, 2020-ci ildə isə cəmi 122 nəfər olub.