İQTİSADİYYAT
Polşa Azərbaycanın kənd təsərrüfatı sahəsinə maraq göstərir
Bakı, 22 may, Ramiz Quliyev, AZƏRTAC
Polşa Azərbaycanla səmərəli əməkdaşlıq etmək niyyətindədir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Polşanın Azərbaycandakı səfiri Marek Tsalka mayın 22-də Azərbaycan Beynəlxalq qida sənayesi sərgisi çərçivəsində “Azərbaycan şirkətləri ilə əməkdaşlıq imkanları” mövzusunda keçirilən konfransda deyib.
Səfir vurğulayıb ki, kənd təsərrüfatı Polşanın iqtisadiyyatında mühüm əhəmiyyətə malikdir. Ölkədə kənd təsərrüfatı bitkilərinin istehsalında və qablaşdırılmasında müasir texnologiyardan istifadə edilir.
Polşanın Avropanın və Asiyanın bir sıra ölkələri ilə kənd təsərrüfatı məhsullarının idxal və ixracı sahəsində qarşılıqlı əməkdaşlıq etdiyini söyləyən səfir Azərbaycanla da bu istiqamətdə böyük perspektivlərin olduğunu diqqətə çatdırıb.
Polşa bu il 5,4 milyard avro həcmində kənd təsərrüfatı məhsulu ixrac edib ki, bu da ölkə üçün mühüm göstəricidir.
Sonra Polşa və Azərbaycan iş adamları əlaqələrin inkişaf etdirilməsi barədə fikir mübadiləsi apardılar.