Polşa Rusiyaya bağlı casus şəbəkəsinin ifşa olunduğunu elan edib
AzerTAg.az

Vyana, 17 mart, AZƏRTAC
Polşa milli təhlükəsizlik orqanları Rusiyaya casusluq etməkdə şübhəli bilinən şəbəkə üzvlərinin ifşa olunduğu barədə məlumat yayıb.
AZƏRTAC Polşanın PAP agentliyinə istinadla xəbər verir ki, casusluqda ittiham olunan doqquz nəfər Ukraynaya nəql olunan avadanlıq, silah və yardımlarla əlaqədar təxribatlar hazırlamaqda şübhəli bilinirlər.
Daxili işlər naziri Mariuş Kaminiskinin sözlərinə görə, həbs olunan şəxslər Polşanın “şərq sərhədlərinin o tayından olan əcnəbilərdir“.
Əldə edilmiş məlumatlarda həmin şəxslərin ilk növbədə Polşa dəmir yolları şəbəkəsində müşahidələr aparmaları göstərilir. Agentlərin tapşırıqlarına Ukrayna istiqamətində daşınan hərbi yüklərin müəyyən edilməsi, marşrutların nəzarətə götürülməsi və sənədləşdirilməsi daxil olub. Şübhəli şəxslərdə kameralar, elektronik cihazlar və GPS ötürücüləri aşkarlanaraq götürülüb.
Eyni zamanda bildirilib ki, casus şəbəkəsinin tapşırıqlarına təbliğat aksiyaları sayəsində Polşa-Ukrayna münasibətlərini korlamaq və Polşada ictimaiyyət içində NATO-ya qarşı mənfi münasibətin formalaşdırmaq da daxil olub.
Daxili İşlər Nazirliyinin məlumatında altı nəfərə qarşı başqa dövlətin maraqları üçün casusluq və mütəşəkkil cinayətkar dəstədə iştiraka görə cinayət işi açıldığı və martın 15-də həbs edilən digər üç nəfərə qarşı isə ilkin istintaq hərəkətlərinin aparıldığı qeyd edilib.
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana
Xəbərin mətnində orfoqrafik səhv var