SİYASƏT
Polşa Silahlı Qüvvələrinin zabitlərinə xatirə nişanı təqdim edilib
Varşava, 20 sentyabr, AZƏRTAC.
Azərbaycanın Polşadakı səfirliyinin təşəbbüsü ilə bu ölkənin Silahlı Qüvvələrinin nümayəndələrinə Azərbaycan Milli Ordusunun Baş Qərargah rəisi olmuş polyak əsilli general Matsey Sulkeviç və Polşa Respublikası Ordusunun və Milli Ordunun (Armiya Krayova) polkovniki olmuş Azərbaycan əsilli Vəli bəy Yadigara həsr edilmiş “Müstəqil Azərbaycan və Polşa uğrunda mübarizlərin xatirəsinə” xatirə nişanının təqdimetmə mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, xatirə nişanı Varşava Qarnizonunun komandanı, briqada generalı Robert Qlonba, Polşa Respublikası Milli Müdafiə Nazirliyinin Elm və Hərbi Təhsil İdarəsinin əməkdaşı polkovnik Yaroslav Qrabovskiyə, Hərbi Xarici Əlaqələr İdarəsinin əməkdaşları Lukaş Boçkovski və polkovnik-leytenant Artur Pisarekə, Polşa Silahlı Qüvvələrinin Dillər Məktəbinin komandiri polkovnik Aleksı Romaniuka təqdim olunub.
Səfirlikdə təşkil edilmiş tədbirdə çıxış edən səfir Həsən Həsənov Polşa Silahlı Qüvvələrinin ölkəmiz üçün xüsusi önəm daşıdığını diqqətə çatdırıb. O, Polşanın suverenliyinin və ərazi bütövlüyünün keşiyində duran Silahlı Qüvvələrin bu vəzifənin öhdəsindən şərəflə gəldiyini qeyd edib. Ölkələrimizin talelərinin oxşarlığına diqqəti yönəldən səfir H.Həsənov Polşanın qarşılaşdığı işğal, parçalanma və məcburi köçkünlərin mövcudluğu faktını Azərbaycanın indi də yaşadığını bildirib, ölkəmizin bu bəlaların öhdəsindən gələcəyinə əminliyini ifadə edib.
H.Həsənov general Matsey Sulkeviçin və polkovnik Vəli bəy Yadigarın həyat və mübarizə yolları barədə məlumat verib. Səfir Azərbaycan hökumətinin bu iki görkəmli şəxsiyyətin ölkələrimizin müstəqilliyi uğrunda mübarizələrini əbədiləşdirərək Varşavadakı Polinski parkında onların abidəsini ucaltdığını diqqətə çatdırıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verən səfir H.Həsənov hazırda Ermənistanın Azərbaycana təcavüzü nəticəsində 20 faiz torpaqlarımızın işğal edildiyini, bir milyondan çox soydaşımızın öz doğma yurdundan didərgin düşdüyünü vurğulayıb, Ermənistanın münaqişənin siyasi həllinə yönəlmiş danışıqları sabotaj etdiyini diqqətə çatdırıb.
Onlarla polyak vətəndaşın ölkələrimiz arasında siyasi, elmi və mədəni əlaqələrin möhkəmlənməsinə və ölkəmizin inkişafına öz töhfələrini verdiyin qeyd edən səfir Həsən Həsənov Azərbaycan tərəfinin təşəbbüsü ilə həmin şəxslərin xatirəsinə Polşanın müxtəlif şəhərlərində 20 abidə və xatirə lövhəsi qurulduğunu deyib. Səfir vurğulayıb ki, bu, Azərbaycan xalqının nə qədər qədirbilən olduğunun göstəricisidir.
Diplomat Matsey Sulkeviçin Azərbaycanın, Vəli bəy Yadigarın isə Polşanın azadlığı uğrunda mübarizə apararaq həlak olduqlarını bildirib və bunu xalqlarımızın qardaşlığının bariz göstəricisi adlandırıb.
Varşava Qarnizonunun komandanı briqada generalı Robert Qlonb çıxış edərək Polşa Silahlı Qüvvələrinin nümayəndələrinə təqdim edilmiş xatirə nişanlarının onlar üçün böyük şərəf olduğunu, ölkəsi tərəfindən Azərbaycana verilən dəstəyin bundan sonra da davam edəcəyini bildirib.
Milli Müdafiə Nazirliyinin Hərbi Xarici Əlaqələr İdarəsinin direktor müavini polkovnik Artur Vilinski nazir Mariuş Blaşçakın adından göstərilmiş təşəbbüsə görə minnətdarlığını bildirib, mərasimin ölkələrimiz arasındakı dostluğa öz töhfəsini verəcəyini vurğulayıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava