DÜNYA
Polşa ədliyyə sistemində aparılmış islahatlara görə Avropa İttifaqı ilə mübahisədə güzəştlərə hazırdır
Varşava, 13 fevral, AZƏRTAC
Polşa ədliyyə sistemində aparılmış islahatlara görə Avropa İttifaqı ilə aylardır davam edən mübahisədə güzəştə getməyə hazırdır.
AZƏRTAC xəbər verir ki, hakimiyyətdə olan Hüquq və Ədalət Partiyası (PiS) parlamentdə müvafiq qanun layihəsi ilə çıxış edib. Layihəyə əsasən, gələcəkdə hakimlərin fəaliyyətinə İntizam Palatası nəzarət etməyəcək. Nəzarət qremiyasının səlahiyyəti yalnız prokurorluq orqanlarına, vəkillərə və digər ədliyyə peşələrinə şamil olunacaq. Bununla da Avropa İttifaqı tərəfindən tənqid olunan əsas məqamın – hakimlərin müstəqil fəaliyyətinə kölgə salan inzibati nəzarət sisteminin aradan qalxacağı gözlənilir.
Qeyd edək ki, Avropa Komissiyası İntizam Palatasını hakimlərin müstəqilliyi üçün təhlükə hesab etdiyinə və rəsmi Varşava bu qurumun ləğvindən boyun qaçırdığına görə Avropa Məhkəməsi ötən ilin oktyabr ayında Polşanı gündəlik bir milyon avro həcmində icbari ödənişlə cərimələmişdi.
Hakim partiyanın qanun layihəsinə əsasən, ölkədə hakimlərin fəaliyyəti ilə əlaqədar şikayətlərə Ali Məhkəmənin hakimləri baxacaqlar və hansı hakimin hansı işə baxacağı püşk əsasında müəyyən olunacaq. Bildirilib ki, yeni qanun layihəsi Avropa Məhkəməsi tərəfindən tövsiyə olunan bütün nüansları özündə ehtiva edir.
Hakim partiyanın qanun layihəsi müxalifət tərəfindən Avropa Məhkəməsinin maliyyə cəzasından yaxa qurtarmaq və Aİ vəsaitlərinin ölkəyə gəlməsini təmin etmək üçün addım kimi qiymətləndirilib. Qeyd edilib ki, təklif olunan sənəd Polşa ədliyyə sisteminin əsas problemindən, yəni, hökumətə yaxın namizədlərin hakim təyin olunmasından yan keçib.
Xatırladaq ki, Avropa Komissiyası yanvar ayının sonunda Polşaya Avropa Məhkəməsinin qərarlarını icra etmədiyinə görə 69 milyon avro həcmində ödəniş tələbi göndərmişdi. Bir tərəfdən cəza məbləğinin günbəgün artması, digər tərəfdən isə mübahisə fonunda ölkəyə Aİ yardımlarının dayanması Polşa hökumətini və hakim partiyanı müvafiq addımlar atmağa vadar edir.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava