DÜNYA


Polşa hökuməti Rusiya vətəndaşları üçün viza verilməsini məhdudlaşdırmaq istəyir

Varşava, 14 avqust, AZƏRTAC

Polşa hökuməti Rusiya vətəndaşları üçün viza verilməsində qaydaların sərtləşdirilməsinə hazırlaşır.

AZƏRTAC xəbər verir ki, bu barədə Polşanın xarici işlər nazirinin müavini Piotr Vavjik danışıb. O bildirib ki, Polşa hazırda rusiyalılara viza verilməsini dayandıran konsepsiya üzərində işləyir və yaxın həftələrdə bu məsələ ilə əlaqədar qərar verilə bilər.

Hazırda Avropa İttifaqı Şurasına sədrlik edən Çexiya bu ayın sonunda Aİ xarici işlər nazirlərinin Praqada toplantısını təşkil edəcək və Rusiya vətəndaşları üçün viza verilməsinin dayandırılması gündəliyə salına bilər.

Polşa Mətbuat Agentliyinə (PAP) verdiyi müsahibədə nazir müavini vurğulayıb ki, Polşa Rusiya vətəndaşları üçün viza sadələşdirilməsinə dair sazişi dayandırmağı da əhatə edən yeni sanksiyalara tərəfdardır. O, həmçinin etiraf edib ki, Almaniya, Fransa və Niderland kimi Aİ üzvləri belə bir qərara qarşıdırlar. Həmin ölkələrin müqavimətinin qırılmasının hazırkı vəziyyətdə qeyri-mümkün görünməsini nəzərə alaraq, Polşa tərəfi yeni konsepsiya üzərində işləyir. Aİ ölkələri ilə aparılan məsləhətləşmələr nəticəsində Estoniya, Litva, Latviya, Çexiya və Slovakiyanın Polşa ilə oxşar mövqedə olduğu müəyyən edilib.

P.Vavjik xatırladıb ki, Polşa bir neçə aydan bəri Rusiya vətəndaşları üçün turist vizalarının verilməsini dayandırıb. Polşada daimi yaşayış icazəsi olan və peşə fəaliyyəti ilə bağlı ölkəyə gələn Rusiya vətəndaşları (məsələn, yük maşını sürücüləri), eləcə də diplomatlar, Polşa və digər Aİ vətəndaşlarının ailə üzvləri Polşa sərhədini maneəsiz keçə bilərlər.

 
Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.