MƏDƏNİYYƏT
“Polşa kino günləri”ndə nümayiş olunacaq növbəti ekran əsəri “İzlər qalmasın deyə” filmi olacaq
Bakı, 10 sentyabr, AZƏRTAC
Azərbaycan Kinematoqrafçılar İttifaqının təşkilatçılığı ilə başlanan “Polşa kino günləri”ndə nümayiş olunacaq növbəti ekran əsəri “İzlər qalmasın deyə” tammetrajlı bədii filmi olacaq.
AZƏRTAC xəbər verir ki, rejissor Yan P.Matuşınskinin 2021-ci ildə çəkdiyi “İzlər qalmasın deyə” filmi 1983-cü ildə Polşada baş verən siyasi hadisələri əks etdirir. Həmin illərdə Kommunist hakimiyyətinin tətbiq etdiyi hərbi vəziyyət ləğv edilməsinə baxmayaraq hələ də öz qüvvəsini saxlayır.
Filmin süjet xəttinə görə müxalif mövqe tutan yazıçı Barbara Sadovskanın oğlu milis patrulu tərəfindən tutulur və işgəncəyə məruz qalır və iki gün davam edən əzabdan sonra ölür. Ölümcül işgəncənin yeganə şahidi, dostu üçün ədalət naminə mübarizə etməyə və milis işçilərinə qarşı məhkəmədə ifadə verməyə qərar verir. Film beynəlxalq festivalların qalibidir.
Qeyd edək ki, ekran əsəri sentyabrın 27-də “Azərbaycan CinemaPlus”da göstəriləcək.