SİYASƏT


Polşa qəzetində 28 May - Respublika Günü ilə bağlı məqalə dərc olunub

Bakı, 4 iyun, AZƏRTAC

Polşanın aparıcı “Rzeczpospolita” qəzetində Azərbaycanın bu ölkədəki səfiri Nərgiz Qurbanovanın “Azərbaycan Xalq Cümhuriyyətinin mirası” sərlövhəli məqaləsi dərc edilib.

Ölkəmizin Polşadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, məqalədə 1918-ci ildə yaradılan Xalq Cümhuriyyətinin müsəlman və türk dünyalarında ilk parlamentli demokratik respublika olduğu qeyd edilib. Bildirilib ki, Xalq Cümhuriyyəti hökuməti etnik mənsubiyyətindən, dinindən, cinsi və sosial statusundan asılı olmayaraq, bütün vətəndaşlara bərabər hüquq və azadlıqlar verib.

Diqqətə çatdırılıb ki, Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində qadınlara seçki hüququ verən ilk ölkə kimi tarixə düşüb, bu qərarı əksər Avropa ölkələrindən əvvəl qəbul edib.

Yazıda Azərbaycan nümayəndə heyətinin rəhbəri, Cümhuriyyətin parlamentinin sədri Əlimərdan bəy Topçubaşovun Paris Sülh Konfransında müstəqilliyimizin tanınması üçün gərgin səylərindən, həmçinin bir çox ölkələrdə diplomatik nümayəndəliklərimizin yaradılmasından danışılıb.

Qeyd edilib ki, Azərbaycanda yeni, demokratik dövlətin qurulmasında ölkəmizin polyak əsilli vətəndaşları da yaxından iştirak ediblər.

Azərbaycanda neft sənayeçiləri və xarici şirkətlərin nümayəndələri tərəfindən əsası qoyulan bir çox gözəl memarlıq nümunəsinin məhz İ.Ploşko, İ.Qoslavski və digər polyak memarlar tərəfindən inşa olunduğu qeyd edilib. Azərbaycanın dənizdən neft hasilatı layihəsinin ilk dəfə polyak mühəndisi P.Pototski tərəfindən həyata keçirildiyi, sonra onun Azərbaycan ticarət limanına rəhbərlik etdiyi vurğulanıb.

Bildirilib ki, Versal Sülh Konfransında Azərbaycan nümayəndə heyəti Polşa nümayəndə heyəti ilə sıx əlaqələr quraraq, bu ölkənin xarici işlər naziri İ.Paderevski və digər nümayəndələrlə mütəmadi görüşüblər.

Məqalədə Azərbaycan ilə Polşa arasında əlaqələrin 550 illik tarixindən danışılıb. Qeyd olunub ki, hələ XV əsrdə Ağqoyunlu hökmdarı Uzun Həsən ilə Polşa Kralı IV Kajımir tərəfindən əsası qoyulmuş siyasi münasibətlər XX əsrin əvvəllərində dirçəliş dövrünə qədəm qoyub.

Hazırda Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin müstəqil və müasir dövlətə çevrildiyi, tarixi, çoxəsrlik ənənələri, çoxmillətli və çoxtəriqətli cəmiyyəti ilə gələcəyə inamla baxdığı, həmçinin Cənubi Qafqazın ən böyük iqtisadiyyatına sahib olaraq, regional iqtisadi, enerji, nəqliyyat, beynəlxalq sülh və təhlükəsizlik sahələrində əməkdaşlığa və qlobal mədəniyyətlərarası dialoqa töhfə verdiyi xüsusi vurğulanıb.

Sonda qeyd olunub ki, Azərbaycan ilə Polşa arasında 1992-ci ildə bərpa edilmiş diplomatik münasibətlərin əsas istiqaməti birgə dəyərlərə, dövlətlərin ərazi bütövlüyünə və suverenliyinə hörmət prinsipinə əsaslanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.