SİYASƏT


Polşada Azərbaycan icması ilə görüş keçirilib

Varşava, 14 oktyabr, AZƏRTAC

Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Polşadakı Azərbaycan icması ilə görüşüb.

Görüşdə Dövlət Komitəsinin sədri Fuad Muradov iştirak edib. Polşa Azərbaycanlıları Birliyi, Varşava Azərbaycanlıları Birliyi, Polşada fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi və Polşa Azərbaycanlıları Assosiasiyası, eləcə də bu təşkilatların ətrafında həmrəy olan onlarla azərbaycanlının iştirakı ilə keçirilən tədbir dövlət himnimizin səsləndirilməsi ilə başlayıb.

Fuad Muradov Polşada keçirilən görüşlərin əhəmiyyətindən danışıb. Komitə sədri bildirib ki, dünya azərbaycanlılarına sonsuz hörmət və qayğının əsasını ümummilli lider Heydər Əliyev qoyub və bu siyasət eyni səviyyədə davam edir.

Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov bu ölkədəki Azərbaycan icmasının fəaliyyətindən danışıb. O, “Azərbaycan diasporunun polyak dostları” adlı bir qrupun formalaşdırılmasının da gələcəkdə əhəmiyyətli ola biləcəyini təklif kimi səsləndirib.

Komitə sədri Cəlil Məmmədquluzadənin nəticəsi və onun oğlunun görüşdə iştirakının xüsusi önəm daşıdığını diqqətə çatdırıb. C.Məmmədquluzadə nəslinin davamçıları olan Martin Cavanşiri və onun oğlu Przemek Cavanşirini xüsusi salamlayıb, onların burada olmasının böyük əhəmiyyət kəsb etdiyini bildirib.

Daha sonra F.Muradov Polşada və ümumiyyətlə Avropada Azərbaycan diasporunun fəaliyyəti, müxtəlif ölkələrdə açılan “Qarabağ” Azərbaycan məktəbləri, idmançılarımızın beynəlxalq yarışlarda iştirakı zamanı xaricdə yaşayan azarkeşlərin fəallığı, türkdilli diasporların birgə işləməsinin səmərəsi və s. haqqında danışıb.

Azərbaycan Diasporuna Dəstək Fondunun rəhbəri Elşad Əliyev görüş iştirakçılarına Fondun, Polşadakı Azərbaycan Ticarət Evinin rəhbəri Nemət Nağdəliyev isə rəhbərlik etdiyi təşkilatın fəaliyyəti haqqında ətraflı məlumat veriblər.

Sonda C.Məmmədquluzadə nəslinin davamçılarına xatirə hədiyyələri və Azərbaycanla bağlı kitablar verilib.

Polşadakı Azərbaycan icması ilə görüş qarşılıqlı fikir mübadiləsi ilə yekunlaşıb.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.