DÜNYA


Polşada Osvensim əsir düşərgəsinin azad edilməsindən 77 il ötür

Varşava, 27 yanvar, AZƏRTAC

27 Yanvar – Holokost qurbanlarının beynəlxalq anım günü çərçivəsində Polşada Osvensim (Auşvits) əsir düşərgəsinin azad edilməsinin 77-ci ildönümü qeyd edilir.

AZƏRTAC xəbər verir ki, bu münasibətlər dövlət başçısı Andrjey Duda sosial şəbəkələrdə paylaşım edib. Beynəlxalq Holokost Günü ilə əlaqədar A.Duda əlində “Biz xatırlayırıq!” yazısını tutub.

Qeyd edilməlidir ki, nasist Almaniyası tərəfindən 1940-cı ildə indiki Polşanın cənubunda kiçik Osvensim (Auşvits) şəhəri yaxınlığında qurulmuş düşərgənin ilkin təyinatı almanlara qarşı qalxan polyakların islahı idi. İki il sonra Auşvits II-Birkenau düşərgəsi yaradıldı və 1945-ci il yanvarın 27-də sovet ordusu tərəfindən azad edilənədək düşərgələr şəbəkəsi əsl soyqırımı məkanına çevrildi. Tarixi məlumatlara görə, bu düşərgələrdə əksəriyyəti yəhudilər olmaqla polyaklar, qaraçılar, sovet hərbi əsirləri və digər millətlərdən olan 1,1 milyon insan qətlə yetirildi.

2005-ci ildə Birləşmiş Millətlər Təşkilatı yanvarın 27-ni Holokost Qurbanlarını Beynəlxalq Anma Günü elan edib. Şoa və ya Holokost kimi də tanınan bu amansız proses İkinci Dünya müharibəsi zamanı Üçüncü Reyxin Avropa yəhudilərinə qarşı törətdiyi soyqırımıdır. Qurbanların sayının təxminən 6 milyon nəfər olduğu təxmin edilir ki, onların da üçdə biri uşaqlardır. Almanlar tərəfindən öldürülənlər arasında Polşa yəhudilərinin sayı müxtəlif mənbələrə görə 2,6 milyondan 3,3 milyon nəfərə qədər qiymətləndirilir.

Polşanın Krakov şəhərində təxminən 50 kilometr qərbdə yerləşən düşərgələr kompleksi bu gün açıq səma altında muzey kimi fəaliyyət göstərir.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Varşava

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.