SİYASƏT


Polşada Ümumdünya Şəhər Forumunun 11-ci sessiyası başa çatıb

Katovitse, 30 iyun, AZƏRTAC

Polşanın Katovitse şəhərində Ümumdünya Şəhər Forumunun (WUF11) 11-ci sessiyasının bağlanış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, şəhərlərin dayanıqlı inkişafı üzrə ən böyük qlobal forum statusunu daşıyan tədbirdə 22 mindən çox iştirakçı qeydiyyatdan keçib. Şəhər və yaşayış məskənlərinin müasir dövrün tələblərinə uyğun şəkildə inkişafı məsələlərinin müzakirə edildiyi forum “Daha yaxşı gələcək üçün şəhərlərimizi dəyişdirək” devizi altında baş tutub.

Sessiyanın işində ölkəmizi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevin başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti təmsil edib. Nümayəndəliyin tərkibində Azərbaycan Prezidenti Administrasiyası, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, işğaldan azad edilmiş ərazilər üzrə Azərbaycan Prezidentinin xüsusi nümayəndələri və Azərbaycanın Polşadakı səfirliyinin əməkdaşları iştirak ediblər.

Azərbaycan nümayəndə heyəti Məskunlaşma Proqramının (UN HABITAT) icraçı direktoru xanım Maimuna Mohd Şərif və qurumun mütəxəssisləri ilə görüşlər keçirib, nazirlər səviyyəsində dəyirmi masa, xüsusi iclas, təqdimat və sessiyalarda iştirak edib, eləcə də sessiya çərçivəsində təşkil olunmuş sərgidə stendlə təmsil olunub. Stenddə Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə apardığı bərpa-quruculuq işləri təqdim olunub. Stendin ziyarətçilərinə erməni işğalının dağıdıcı nəticələrini əks etdirən videoçarxa baxmaq, həmçinin bu ərazilərdə aparılan tikinti və bərpa işləri barədə məlumat əldə etmək imkanı yaradılıb. Azərbaycan stendində Azərbaycan kulinariya nümunələri və digər milli məhsullar təqdim olunub.

Sessiyada müzakirə olunan əsas mövzular sırasında şəhərlərin yaşıl gələcəyi, müasir innovasiya və texnologiyaların şəhərsalmada tətbiqi, şəhərlərin daha dayanıqlı inkişafını təmin etmək, şəhərsalma və idarəetmə kimi məsələlər yer alıb.

Qeyd edək ki, 2001-ci ildən etibarən hər iki ildən bir təşkil edilən sessiyaların tarixində mötəbər tədbir ilk dəfə Avropa qitəsində reallaşdırılıb. Növbəti sessiya 2024-cü ildə Misirin paytaxtı Qahirə şəhərində keçiriləcək.

 

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Katovitse

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.