DÜNYA


Polşada mayın 15-dən açıq havada maska taxmaq məcburi olmayacaq

Bakı, 7 may, AZƏRTAC

Polşa hakimiyyəti mayın 15-dən etibarən açıq havada maska rejiminin ləğv olunması barədə qərarı təsdiqləyib.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, qərara əsasən, küçədə 1,5 metrlik sosial məsafəni qorumaq şərti ilə maska taxmamaq olar. Lakin qapalı məkanda və nəqliyyatda, qəbiristanlıqda və bulvarda əvvəlki kimi qoruyucu maska taxılmalıdır.

Polşada məcburi maska rejimi oktyabrın 10-da pandemiyanın ikinci dalğası fonunda tətbiq olunub. O vaxtdan maskasız yalnız evdə, şəxsi avtomobildə, meşədə və parkda gəzmək olardı. Bu rejimin ləğvi Polşa cəmiyyətində ən çox gözlənilən qərarlardan biri idi.

Fevral ayında koronavirus pandemiyasının üçüncü dalğası ilə qarşılaşan Polşada yoluxmaların pik həddi artıq arxada qalıb. Son günlər ölkədə sutkalıq yoluxma halları 2-6 min arası dəyişir. Pandemiyanın statistikasını aparan Worldometer saytının məlumatına görə, bu ölkədə ilk koronavirus xəstəsinin aşkarlandığı martın 4-dən bəri 2 milyon 824 mindən çox insan COVID-19 infeksiyasına yoluxub, 69 min 445 nəfər vəfat edib, sağalanların sayı isə 2 milyon 555 min nəfəri keçib.

2020-ci il dekabrın 27-də ölkədə koronavirus əleyhinə vaksinasiya kampaniyası başlayıb. Polşa bu müddət ərzində Amerikanın “Pfizer”, “Moderna” və “Johnson & Johnson”, Almaniyanın “BioNTech”, həmçinin Böyük Britaniya və İsveçin müştərək “AstraZeneca” kompaniyalarından 12,9 milyon dozadan çox peyvənd alıb. Eyni zamanda, 9,4 milyon polşalı vaksinin ilk dozasını əldə edib, 3,3 milyon nəfər isə tam vaksinasiya kursunu keçib.

Qeyd edək ki, 2020-ci ilin mart ayının 11-də Ümumdünya Səhiyyə Təşkilatı yeni koronavirus infeksiyasının yayılmasını pandemiya elan edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.