DÜNYA
Polşada qaçqınlarla həmrəylik aksiyaları keçirilib
Varşava, 18 oktyabr, AZƏRTAC
Polşanın paytaxtı Varşavada qaçqınlara insan ləyaqətinə xas rəftar göstərilməsi üçün aksiyalar keçirilib.
AZƏRTAC xəbər verir ki, “Sərhəddə işgəncələrə son qoyulsun!“ devizi altında küçələrə çıxan yüzlərlə insan parlamentin aşağı palatası Seymin binası qarşısında toplaşıblar. Onlar Polşanın Belarus ilə həmsərhəd ərazilərindəki qaçqınların geri sıxışdırılması və deportasiyasının dayandırılmasını tələb ediblər. Paytaxtla yanaşı, Krakov şəhərində də etiraz mitinqi keçirilib.
Aksiya iştirakçıları bildiriblər ki, Polşanın sərhədlərinə pənah gətirmiş insanlar öz ölkələrindəki dözülməz vəziyyətdən qaçıblar və onların qeyri-insani münasibətlə üzləşməsi yolverilməzdir. Polşanın Belarusla sərhəddə fövqəladə vəziyyət elan etməsi və sərhəd zolağını möhkəmləndirməsi vəziyyəti daha da ağırlaşdırır.
BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı da beynəlxalq müdafiə və sığınacaq hüququnun pozulmasından narahatlıq ifadə edib. Polşa hökuməti isə qanunsuz miqrasiyaya qarşı görülən tədbirlərin ölkə və Avropa qanunvericiliyi ilə tam uzlaşmış şəkildə aparıldığını bildirib. Polşa Avropa İttifaqının xarici sərhədlərinin məqsədyönlü şəkildə pozulmasında qonşu Belarusu günahlandırır. İddia edilir ki, rəsmi Brüssel ilə gərgin münasibətlərdə olan Belarus Avropaya üz tutan qaçqınların axınının qarşısını qəsdən almır.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava