SİYASƏT
Polşada ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
Bakı, 12 dekabr, AZƏRTAC
Ümummilli lider Heydər Əliyevin anım günü münasibətlə Azərbaycanın Polşadakı səfirliyi və Azərbaycan ticarət nümayəndəliyinin təmsilçiləri, bu ölkədə yaşayan Azərbaycan diasporunun rəhbərləri və üzvlərinin iştirakı ilə Qnejno şəhərində səfirlik tərəfindən quraşdırılmış ulu öndər Heydər Əliyev ilə Roma Papası II Yan Pavelin abidəsinin önündə anım tədbiri keçirilib.
Səfirlikdən AZƏRTAC-a bildirilib ki, abidənin önünə əklil və gül dəstələri qoyulub.
Səfir Həsən Həsənov çıxış edərək Heydər Əliyev şəxsiyyətinin ölkəmizin müstəqilliyinin təmin edilməsində və inkişafındakı rolundan danışıb, onunla bağlı xatirələrini bölüşüb. Bildirib ki, ölkəmizin indiki inkişafının təməli məhz Heydər Əliyev tərəfindən qoyulub və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Səfir, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində möhtəşəm qələbənin əldə edilməsini və Azərbaycanın ərazi bütövlüyünün bərpasını qürur hissi ilə vurğulayıb.
Daha sonra Heydər Əliyevin və Vətən müharibəsində həyatlarını fəda vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.