ELM VƏ TƏHSİL


Polşalı alimə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin fəxri doktoru diplomu təqdim edilib

Bakı, 8 dekabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) dünya şöhrətli alim, Polşa Elmlər Akademiyasının həqiqi üzvü, professor Janusz Kacprzyka ADNSU-nun fəxri doktoru diplomu təqdim edilib.

Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib. Bildirilib ki, fəxri diplom ADNSU-nun Elmi şurasının növbəti iclasında sahibinə verilib. İclasda ADNSU-nun rektoru professor Mustafa Babanlı qeyd edib ki, J.Kacprzyk dünyanın bir neçə qabaqcıl universitetinin fəxri professorudur. Alimin dəvət aldığı universitetlər onun təcrübəsindən yararlanaraq uğurlara imza atıblar. J.Kacprzyk ilə əməkdaşlıq bizə Polşanın qabaqcıl universitetləri ilə əlaqələr qurmağa, yeni inkişaf perspektivlərinə imkan yaradacaq.

ADNSU-nun elmi işlər üzrə prorektoru Lətafət Qardaşova polşalı qonağın təhsili və elmi dərəcələri haqqında məlumat verib. Bildirilib ki, J.Kacprzyk “Web of Science” və “Scopus” bazalarına düşən iki jurnalın redaktorudur. Həmçinin “Spinger”də 8 kitabın baş redaktorudur, 300-dən çox beynəlxalq konfransın iştirakçısıdır. O, ABŞ, Böyük Britaniya, Yaponiya, Meksika və İtaliyada bir sıra ali təhsil ocaqlarının dəvətli professorudur.

Rektor Mustafa Babanlı tərəfindən qonağa ADNSU-nun fəxri doktoru diplomu təqdim olunduqdan sonra professor Janusz Kacprzyk dünya elmin inkişafı, süni intellektin önəmi və elmdə yeni hədəflər haqqında geniş məruzə ilə çıxış edib. Elmi şura üzvlərinin suallarını cavablandıran alim ona verilən fəxri ada və göstərilən diqqətə görə təşəkkürünü bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.