SİYASƏT
Polşalı diplomat Azərbaycanla bağlı yanlış mövqeyini düzəltmək məcburiyyətində qalıb
Varşava, 17 oktyabr, AZƏRTAC
Polşanın Jeşuv şəhərində “Qafqaz: Keçmişin təcrübəsi, gələcəyin perspektivləri” mövzusunda elmi konfrans keçirilib. Avropa İttifaqının Şərq Tərəfdaşlığının 10-cu ildönümünə həsr edilmiş konfrans Polşa Xarici İşlər Nazirliyi ilə Jeşuv Universitetinin birgə təşkilatçılığı ilə baş tutub. Elmi konfransda Polşa, Azərbaycan, Gürcüstan, Rusiya, Ukrayna və Ermənistandan nümayəndələr iştirak ediblər.
AZƏRTAC xəbər verir ki, konfransda “Dağlıq Qarabağ - qlobal siyasətin girovu” mövzusunda çıxış edən Polşanın Ermənistandakı sabiq səfiri Yerji Novakovski Dağlıq Qarabağın tarixi və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətə uyğun olmayan, tamamilə təhrif edilmiş məlumatlar verib.
Azərbaycanın Polşadakı səfirliyinin əməkdaşı Sadiq Babayev Yejı Novakovskinin məlum çıxışından dərhal sonra söz alaraq həmkarının çıxışından onun missiyasının Polşanın Ermənistanda təmsilçiliyi yox, əksinə olduğu təəssüratı yarandığını vurğulayıb.
Çıxışın əvvəldən sonadək Ermənistan tərəfinin yalan mövqeyinə əsaslandığını deyən diplomat 1805-ci ildə Çar Rusiyasının nümayəndəsi Sisyanov ilə Qarabağ xanı İbrahim xan arasında bağlanmış “Kürəkçay” müqaviləsini qeyd edərək bildirib ki, orada ermənilərlə bağlı heç bir ifadə mövcud deyil. Bununla yanaşı, 1813-cü il “Gülüstan”, 1828-ci il “Türkmənçay” müqavilələrinin şərtlərinə əsasən ermənilərin kütləvi şəkildə Qarabağ və İrəvan xanlıqlarının ərazisinə yerləşdirildiyi, bununla da bölgədə demoqrafiyanın ermənilərin xeyrinə dəyişdiyi vurğulanıb. Qarabağ bölgəsi 1918-ci ildə müstəqilliyini elan etmiş Azərbaycan Demokratik Respublikasının ərazisinin tərkib hissəsi olub. O dövrdə İrəvan şəhəri, sovet dönəmində isə Zəngəzur bölgəsi Ermənistan tərəfindən Azərbaycana olan bütün əsassız ərazi iddialarına son qoyulması şərti ilə Ermənistana güzəştə gedilib.
Geniş auditoriya qarşısında Yejı Novakovskiyə çatdırılıb ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Ermənistanın ölkəmizə olan ərazi iddiaları və işğalçılıq siyasətidir və Dağlıq Qarabağ bölgəsi də daxil olmaqla ərazilərimizin 20 faizi hazırda işğal altındadır. BMT-nin bu faktı təsdiqləyən 4 qətnaməsi və digər beynəlxalq təşkilatların qərarları mövcuddur. Beynəlxalq hüquqa hörmətlə yanaşan bütün dünya dövlətləri, o cümlədən Polşa Azərbaycanın ərazi bütövlüyünü tanıyır.
Yejı Novakovski onun fikirlərini ifşa edən bu dəlillərdən sonra bütün auditoriyanın önündə çıxış edərək bəyan edib ki, Dağlıq Qarabağ Azərbaycanın beynəlxalq hüquqla qəbul edilmiş ərazisidir.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava