ELM VƏ TƏHSİL
Polşanın “Exo” qəzeti Bakı Slavyan Universitetindən yazıb
Bakı, 4 yanvar, AZƏRTAC
Polşanın məşhur nəşriyyat evinin sahibi, professor Adam Marşalekin təsisçisi olduğu “Exo” qəzeti 231-ci sayında Bakı Slavyan Universitetinin (BSU) rektoru, professor Nurlana Əliyeva, ali məktəbdəki tədris prosesi və s. haqqında geniş yazı dərc edib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, məqalədə BSU-nun 2000-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Mirzə Fətəli Axundov adına Rus Dili və Ədəbiyyatı İnstitutunun bazasında yaradılması və onun keçdiyi tarixi yol barədə ətraflı məlumat verilib. Müəllif hazırda universitetdə beş fakültənin və on bir mərkəzin, o cümlədən Polşa Tədris Mədəniyyət Mərkəzinin fəaliyyət göstərdiyini qeyd edib. O, professor Nurlana Əliyevanın BSU-ya rektor təyin edildiyi qısa müddət ərzində bu ali təhsil ocağında ciddi dəyişikliklərin baş verdiyini, universitetin xarici əlaqələrinin, maddi-texniki bazasının xeyli genişləndiyini bildirib.
Yazıda, həmçinin polşalı professor Yoanna Marşalekin BSU-dakı fəaliyyətinə toxunulub. Qeyd edək ki, Y.Marşalek Polşa Siyasi Sistem üzrə Departamentin müdiri, polyak siyasi elmlər üzrə illik kitabın baş redaktoru, Şərq tədqiqatlarının direktorudur. O, ötən il BSU-da müxtəlif mövzularda silsilə mühazirələr oxuyub.
BSU-nun Avropanın ən yaxşı ali təhsil ocaqları ilə müqayisə oluna biləcəyini vurğulayan A.Marşalek Polşadan gəlmiş professor Danuta Pleçko ilə görüşündən də bəhs edib. Qəzetdə, həmçinin BSU-da təhsil alan gənclərin hazırladıqları ədəbi-bədii proqramlardan şəkillər və reportajlar yer alıb.
A.Marşalek reportajında Bakıda azərbaycanlı tələbələrlə polyak dilində danışmaqdan məmnun olduğunu bildirib. Bakını dünyanın ən müasir şəhərlərindən biri kimi dəyərləndirən A.Marşalek ölkəmizin tolerantlıq və multikultural dəyərlərlə tanındığını vurğulayıb. O, Avropada dini, irqi, etnik və mədəni problemlər yaşandığı halda, Azərbaycanın hər yerində multikulturalizmin bərqərar olduğunu bildirir. Bakıda olarkən tələbələrdən bir çoxunun etnik-mədəni kimliyi ilə maraqlandığını qeyd edən naşir yazır: “Onların arasında bir çox etnik azlıqların nümayəndəsi var, amma görürəm ki, etnik-mədəni fərqlər tələbələr arasında, onların münasibətlərində heç bir problem yaratmır. Bu, həqiqətən dünya üçün çox yaxşı örnək sayıla biləcək bir haldır”.