DÜNYA


Polşanın Norveç qazı ilə təchiz olunması üçün qaz kəməri çəkilişi barədə razılıq əldə edilib

Stokholm, 3 dekabr, AZƏRTAC

Danimarka ilə Polşa arasında əldə edilmiş razılaşmaya əsasən, Polşanın Norveç qazı ilə təchiz olunması üçün Baltik dənizinin dibi ilə qaz kəməri çəkiləcək.

AZƏRTAC Danimarka KİV-lərinə istinadla xəbər verir ki, Polşa öz daxili bazarına qaz təchizatçılarının sayını bu yolla şaxələndirməyə çalışır.

“Baltik borusu” (Baltic Pipe) adlanan yeni qaz kəmərinin uzunluğu 900 kilometr olacaq. Danimarka ərazisindən keçən bu kəmərin tikintisi 2022-ci ildə başa çatacaq. Beləliklə, Polşaya xeyli həcmdə qaz daxil olması təmin ediləcək.

Polşanın baş naziri Mateuş Moravetski jurnalistlərə müsahibəsində deyib: “Bu gün biz Polşanın enerji sektorunun təhlükəsizliyi və müstəqilliyi istiqamətində bir qədər irəliləyişə nail olduq. “Baltik borusu” adlanan strateji qaz kəməri tikintisinin investisiya barədə qərarı qəbul edildi. Bu kəmər Norveç şelfindən çıxarkən qazın Danimarka ərazisindən keçməklə idxal olunmasına imkan verəcək”. Baş nazir Polşanın və Danimarkanın dövlət qaz şəbəkəsi operatorları tərəfindən elan olunmuş sazişə istinad edib.

Polşanın “GAZ-SYSTEM SA” qaz operatoru və Danimarkanın “Energinet SOV” milli qaz operatoru tərəfindən yayılmış məlumata görə, 2022-ci il oktyabrın 1-dək istifadəyə verilməsi nəzərdə tutulan yeni boru kəmərinin buraxılış qabiliyyəti ildə 10 milyard kubmetrə qədər olacaq. Məlumatda daha sonra bildirilir ki, həmin layihə Avropa İttifaqı tərəfindən 51,4 milyon avro məbləğində maliyyə dəstəyi alıb. Layihənin ümumi dəyəri hələ elan edilməyib.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.