CƏMİYYƏT
Pomidor yetişdirilən istixanalarda videomonitorinqlər aparılır
Bakı, 9 aprel, AZƏRTAC
Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan pomidor məhsuluna tətbiq edilən məhdudiyyətlərin tamamilə aradan qaldırılması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlarla Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin ("Rosselxoznadzor") mütəxəssislərindən ibarət nümayəndə heyətləri arasında intensiv görüşlər davam etdirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həyata keçirilən birgə nəzarət tədbirləri çərçivəsində aprelin 5-dən 8-dək Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin əməkdaşlarının iştirakı ilə Abşeron rayonunun Zirə Südçülük-tərəvəzçilik sovxozunda Tünzalə İsmayilova, Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində Əli Əhmədov, Xəzər rayonunun Zirə qəsəbəsində Elçin Mirzəzadə, Şəmkir rayonunun Zəyəm qəsəbəsində Arif Məhərov, həmin rayonunun Əliyaqublu kəndində Nüsrət Hüseyinov, Salyan rayonunun Qaraçala qəsəbəsində Tahir Nəzərov, Hacıqabul rayonunun Meyniman kəndində Murad Mamedov, Samux rayonunun Ziyadlı kəndində Bənövşə Cəfərovaya məxsus pomidor yetişdirilən istixanalarda və Abşeron rayonunun Zirə Südçülük-tərəvəzçilik sovxozunda “Vilvan Təsərrüfat bağları” MMC-də videomonitorinqlər keçirilib.
Videomonitorinqlər zamanı təsərrüfatların ümumi sahəsi, o cümlədən hazırda pomidor əkini altında olan sahə, yetişdirilən sort, gözlənilən istehsal, istixananın işıq və istilik rejimi, yerinə yetirilən bitki mühafizə tədbirləri barədə rusiyalı mütəxəssislərin sualları cavablandırılıb, eyni zamanda, götürülmüş bitki və meyvə nümunələri Rusiyanın müvafiq laboratoriyalarında müayinə edilmək üçün nümunə paketlərinə qoyularaq plomblanıb.
Qida Təhlükəsizliyi Agentliyi və Rusiya Federasiyasının müvafiq qurumunun mütəxəssislərindən ibarət işçi qrupunun birgə həyata keçirdiyi videomonitorinqlər növbəti günlərdə respublikamızın digər regionlarında yerləşən istixanalarda davam etdiriləcək.