CƏMİYYƏT
Pomidor yetişdirilən istixanalarda videomonitorinqlər davam edir
Bakı, 2 mart, AZƏRTAC
Azərbaycandan Rusiya Federasiyasına ixrac olunan pomidor məhsuluna tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Qida Təhlükəsizliyi Agentliyi və aidiyyəti qurumlarla Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) mütəxəssislərindən ibarət nümayəndə heyətləri arasında intensiv görüşlər davam etdirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həyata keçirilən birgə nəzarət tədbirləri çərçivəsində fevralın 25-dən martın 1-dək Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərinin və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin əməkdaşlarının iştirakı ilə Xaçmaz rayonunun Ləcət kəndində “Şəms botanika” MMC, Yaşıl Ranço” MMC, Xızı rayonunun Giləzi kəndində “Aqrostorm” MMC, Abşeron rayonunun Məmmədli kəndində “Eko group-2018” MMC, Abşeron rayonunun Masazır qəsəbəsində “Bəhrə-2010” MMC-də və Şəmkir rayonunun Dəllər Cəyir kəndində Məhərrəm Əliyevə məxsus pomidor yetişdirilən istixanalarda videomonitorinqlər keçirilib.
Videomonitorinqlər zamanı təsərrüfatların ümumi sahəsi, o cümlədən hazırda pomidor əkini altında olan sahə, yetişdirilən sort, gözlənilən istehsal, istixananın işıq və istilik rejimi, yerinə yetirilən bitki mühafizə tədbirləri barədə rusiyalı mütəxəssislərin sualları cavablandırılıb, eyni zamanda, götürülmüş bitki və meyvə nümunələri Rusiya tərəfinin müvafiq laboratoriyalarında müayinə edilməsi üçün nümunə paketlərinə qoyularaq plomblanıb.
Qeyd edək ki, iki ölkənin müvafiq qurumunun mütəxəssislərindən ibarət işçi qrupunun birgə həyata keçirdiyi videomonitorinqlər növbəti günlərdə respublikamızın digər regionlarında yerləşən istixanalarda davam etdiriləcək.