CƏMİYYƏT


Portland şəhərində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilib

Portland meri şəhər sakinlərini bu günü qeyd etmək üçün ona qoşulmağa çağırır

Vaşinqton, 31 dekabr, AZƏRTAC

ABŞ-ın Meyn ştatının Portland şəhərinin meri Etan Strimlinq və şəhər Şurasının üzvləri tərəfindən 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan edilib.

AZƏRTAC xəbər verir ki, bununla bağlı yayılan yazılı bəyannamədə Azərbaycan Xalq Cümhuriyyətinin 2018-ci il mayın 28-də yaradıldığı, bu dövlətin ilk müsəlman respublikası olmaqla bir çox qabaqcıl islahatlar həyata keçirdiyi, o cümlədən qadınlara seçki hüququ verdiyi vurğulanır.

Sənəddə qeyd edilir ki, Azərbaycan Respublikası 1991-ci ildə öz azadlıq və müstəqilliyini bərpa etdikdən sonra dünyanın ən sürətlə inkişaf edən və müasirləşən dövlətinə çevrilib, regionda ən böyük iqtisadiyyata sahib olub və Cənubi Qafqazda ABŞ-ın ən iri ticarət tərəfdaşıdır. Bununla yanaşı, bəyannamədə vurğulanır ki, Azərbaycanda müsəlman, xristian və yəhudilərin birgə yaşayışı və dinlərarası harmoniya ilə bağlı zəngin ənənə mövcuddur.

Bəyannamədə Azərbaycanın ərazi bütövlüyünün, suverenlik və müstəqilliyinin ABŞ tərəfindən qeyri-şərtsiz dəstəkləndiyi də vurğulanır.

Sənəddə xüsusi olaraq Meyndə yaşayan Azərbaycan icmasının Portland şəhərinin mədəni müxtəlifliyi və zənginliyinə, habelə iqtisadi rifahına fəal töhfə verdiyi qeyd edilir. Həmçinin, Amerikada yaşayan Azərbaycanlıların ABŞ-da tanınmış etnik icma olması ilə yanaşı regional müxtəlifliyə, mədəniyyətlərarası anlaşmaya, sülh və rifaha aktiv töhfə verməsi də vurğulanır.

Bəyannamədə o da bildirilir ki, 31 dekabr dünyadakı 50 milyon, o cümlədən ABŞ-da yaşayan 400 min azərbaycanlı tərəfindən həmrəylik günü kimi qeyd edilir. Bu xüsusda sənəddə 31 dekabr tarixi Portland şəhərində Azərbaycanlıların Həmrəylik Günü elan edilir və Portland meri şəhər sakinlərini bu günü qeyd etmək üçün ona qoşulmağa çağırır.

Bəyannamə Portland meri tərəfindən ABŞ-ın Meyn ştatında yaşayan Azərbaycan icmasının fəallarına təqdim edilib.

 

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.