İDMAN
“Portu”nun qapıçısı Kasilyasın səhhəti yaxşılaşıb
Bakı, 18 may, AZƏRTAC
Portuqaliyanın “Portu” futbol klubunun ispaniyalı qapıçısı, infarkt keçirmiş İker Kasilyasın səhhəti yaxşılaşıb. İdmançı bu barədə öz “Twitter” səhifəsində yazıb.
AZƏRTAC xəbər verir ki, mayın 1-də “Portu” futbolçuları məşq edərkən Kasilyas ürəktutma keçirib və xəstəxanaya qoyulub. Altı gündən sonra onu xəstəxanadan evə yazıblar.
İspaniyada çıxan “ABC” qəzeti daha əvvəl xəbər vermişdi ki, cari mövsüm başa çatandan sonra 37 yaşlı idmançı karyerasını tamamlaya bilər.
Kasilyas yazıb: “Dünən mən həkim Filipe Masedonun yanında müayinədə oldum. Hər şey yaxşıdır. Mən bu xoş xəbəri sizinlə bölüşmək istədim”.
Mart ayında “Portu” ilə kontraktının müddətini 2020-ci ilin yayına qədər uzatmış qapıçı qeyd edib ki, zamanı çatanda karyerasını bitirdiyini elan edəcək.
Kasilyas “Portu”ya 2015-ci ildə Madridin “Real” komandasından keçib. “Real”ın yetirməsi olan idmançı bu komandanın heyətində 5 dəfə İspaniya çempionu, 2 dəfə İspaniya Kubokunun sahibi, 4 dəfə İspaniya Superkubokunun sahibi, 3 dəfə Çempionlar Liqasının qalibi, 2 dəfə UEFA Superkubokunun sahibi, Qitələrarası kubokun sahibi, klublar arasında dünya çempionatının qalibi olub. İspaniya yığmasının heyətində Kasilyas 2010-cu ildə dünya çempionu, 2 dəfə (2008, 2012) Avropa çempionu olub.