İQTİSADİYYAT
Portuqaliya Biznes Assosiasiyası Azərbaycanla əlaqələrin inkişafında maraqlıdır
Lissabon, 16 may AZƏRTAC
Portuqaliya Biznes Assosiasiyası bu ölkənin 5 böyük şirkətinin Azərbaycana səfərini təşkil edib. Onlar Bakıda keçirilən "Caspian Agro" və "WorldFood Azerbaijan" sərgilərində iştirak edərək, işgüzar tərəfdaşlıq imkanlarını nəzərdən keçirəcəklər.
Portuqaliya Biznes Assosiasiyasının beynəlxalq əlaqələr üzrə direktoru Monika Moreyra yerli mətbuata bildirib ki, Portuqaliya və Azərbaycan arasında ticarət əlaqələrinin inkişafı üçün yaxşı potensial var. M. Moreyra iki ölkə arasında ticarət əlaqələrinin inkişaf dinamikasına diqqət çəkib. Qeyd edib ki, 2013-cü ildə 57, 2014-cü ildə isə 77 portuqal şirkəti Azərbaycana məhsul ixrac edib.
Assosiasiyanın təşkilatçılığı ilə baş tutan səfərdə 5 Portuqaliya şirkəti iştirak edir. Bunlardan "Dune Bleu" və "Manuel Maçado Souza" kimi tekstil şirkətləri, "Novarroz" qida məhsulları istehsalçısı, "Sublimerito" konsaltinq və mühəndislik şirkəti, "Tecnobento" qida sənayesi avadanlıqları istehsalçısıdır.
Portuqaliyalı iş adamları, həmçinin 2-ci Azərbaycan -Avropa İttifaqı Biznes Forumunda da iştirak edəcəklər.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon