DÜNYA
Portuqaliya hökuməti Lissabonda karantin rejimini yenidən sərtləşdirib
Lissabon, 23 iyun, AZƏRTAC
Portuqaliya hökuməti koronavirusa yoluxanların sayının artması ilə əlaqədar iyunun 23-dən etibarən Lissabonda, eləcə də şəhərə bitişik olan regionda (Lissabon, Sintra, Amadora, lures və Odivelas) karantin məhdudiyyətlərini yenidən sərtləşdirib.
AZƏRTAC xəbər verir ki, Portuqaliyanın Baş Naziri Antonio Koştunun sözlərinə görə, karantin məhdudiyyətlərinin tətbiq edildiyi 15 bələdiyyə ərazisindəki bütün mağazalara, həmçinin xidmət obyektlərinə axşam saat səkkizdən sonra işləməyə icazə verilmir. Yeni məhdudiyyətlərə əsasən 10-dan çox insanın bir yerdə toplaşması qadağan olunur.
Rəsmi məlumatlara görə, mayın 21-dən iyunun 21-dək Portuqaliyada koronavirusa yoluxanların sayı 9 min 222 nəfərə çatıb. Ən yüksək yoluxma halları Lissabonda və Teju çayı vadisində müşahidə olunur.
Karantin rejimini pozanlar Portuqaliya Respublikasının Cinayət Məcəlləsinə uyğun olaraq bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırıla bilər.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon