MƏDƏNİYYƏT
Portuqaliya hökuməti turizm səfərlərini may ayında bərpa etməyə ümidvardır
Lissabon, 6 mart, AZƏRTAC
Portuqaliya hökuməti may ayının əvvəlində sərhədləri açmağa və xüsusən britaniyalılar üçün turizm səfərlərini bərpa etməyə ümidvardır.
AZƏRTAC xəbər verir ki, bu barədə ölkənin turizm üzrə dövlət katibi Rita Markes bildirib. O qeyd edib ki, turizmin bərpası COVID-19 əleyhinə vaksinləmə barədə sertifikatlar və ya koronavirus testlərinin neqativ cavabı olacağı təqdirdə mümkün olacaq.
Martın 17-də Avropa Komissiyası rəqəmsal pulsuz buraxılış vəsiqəsinin yaradılması barədə qanunvericilik təklifini təqdim edəcək. COVID-19 pandemiyası zamanı turizm səfərlərinin bərpası vaksinləmə və analizlərin nəticələri barədə məlumatın qeyd olunduğu buraxılış sənədi sayəsində mümkün olacaq.
Hazırda Portuqaliya ilə Böyük Britaniya arasında səfərlərə qadağa qoyulub, birbaşa aviareyslər yoxdur, lakin üzrlü səbəblər olduqda və koronavirus testlərinin nəticələri neqativ çıxdığı halda hər iki ölkənin vətəndaşlarının və rezidentlərinin səyahət etmələrinə icazə verilib.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon