DÜNYA
Portuqaliyalı mühəndis “Huawei” şirkətini onun ixtirasını oğurlamaqda ittiham edir
Lissabon, 18 mart, AZƏRTAC
Portu şəhərindən olan biznesmen Ruy Oliveyra smartfonlar üçün yeni obyektiv modeli ixtira edib və öz ixtirasını çinli istehsalçıya - “Huawei” şirkətinə göstərib. Üç ildən sonra “Huawei” şirkəti analoji məhsulu özünün yaratdığı məhsul adı ilə bazara buraxıb.
AZƏRTAC “Publico” nəşrinə istinadla xəbər verir ki, 2012-ci ildə Oliveyra smartfonların fotoqrafiya imkanlarını artırmaq üçün qacetə qoşulan yeni kamera modelini ixtira edib və həmin ixtira üçün 2016-cı ildə ABŞ-da patent alıb. Bundan sonra Oliveyra öz ixtirasını “Huawei” şirkətinin menecerlərinə göstərib. Mühəndisin sözlərinə görə, şirkət bu ixtiraya böyük maraq göstərib, hətta Oliveyranı Texasdakı Amerika ofisində biznesmenlərlə görüşə dəvət ediblər. Çinli sahibkarlar bu ixtiranı almayıb, amma 2017-ci ildə analoji məhsul buraxıblar.
İndi həmin model “eBay” və “Amazon” servislərində satılır. Oliveyranın sözlərinə görə, bu hadisədən xəbər tutanda başa düşüb ki, onun ixtirasını oğurlayıblar.
Portuqaliyalı mühəndis Amerika məhkəməsində vəkillərin haqqını ödəmək üçün Portu şəhərində arvadı və qızı ilə yaşadığı evini satıb. 45 yaşlı mühəndis ümid edir ki, Portuqaliya prezidenti yaxın vaxtlarda Çinə səfəri çərçivəsində bu ölkənin hakimiyyət orqanları ilə görüşdə Oliveyranın ixtiraçı hüququ barədə məsələni qaldıracaq.
Nigar Cəfərli
AZƏRTAC –ın xüsusi müxbiri
Lissabon