SİYASƏT


Portuqaliyanın Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır

Bakı, 22 sentyabr, AZƏRTAC

Sentyabrın 22-də Xarici İşlər naziri Ceyhun Bayramov Portuqaliyanın Azərbaycandakı səfiri Paula Leal da Silva ilə diplomatik fəaliyyətinin başa çatması münasibətilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, görüşdə, həmçinin Portuqaliyanın Azərbaycandakı Fəxri konsulu Murad Rəhimov iştirak edib.

Nazir Ceyhun Bayramov Portuqaliya səfirinin ölkələr arasında münasibətlərin inkişafına töhfə verən fəaliyyətini yüksək qiymətləndirib. O, Azərbaycan ilə Portuqaliya arasında münasibətlərin ikitərəfli və çoxtərəfli əsaslarda genişləndirilməsi imkanlarının olduğunu qeyd edib. Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin həyata keçirilməsi təcrübəsinin davam etdirilməsinin əhəmiyyəti vurğulanıb.

Səfir Paula Leal da Silva öz hökuməti adından Ceyhun Bayramovu nazir təyin edilməsi münasibətilə təbrik edib. Səfir Azərbaycanda fəaliyyəti dövründə münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəmədiyini bildirib. Fəaliyyəti dövründə ona göstərilən dəstəyə görə təşəkkürünü ifadə edib.

Nazir Ceyhun Bayramov Portuqaliya səfirinə bölgədə həll olunmamış Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun ağır nəticələri, eləcə də bölgədə müşahidə olunan gərginlik barədə məlumat verib. Ermənistan hökumətinin təhrikçi və təxribatçı fəaliyyətinin münaqişənin danışıqlar yolu ilə həllinə zərbə vurduğu qeyd edilib. Beynəlxalq ictimaiyyətin bu məsələdə qətiyyətli mövqe nümayiş etdirməsinin və işğalçı Ermənistana birmənalı ismarışlar göndərməsinin vacib olduğu vurğulanıb.

Səfir Paula Leal da Silva ölkəsinin mövqeyinin bəlli olduğunu və Azərbaycanın ərazi bütövlüyünü tam dəstəklədiyini qeyd edib.

Tərəflər, həmçinin ümumdünya sağlamlıq böhranı ilə mübarizə mövzusuna toxunaraq, bu xüsusda beynəlxalq həmrəylik və əməkdaşlığın əhəmiyyətini vurğulayıblar.

Portuqaliya səfiri Azərbaycan Respublikası Prezidentinin COVID-19 pandemiyası ilə mübarizə məqsədilə BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi təklifini xatırladaraq, bu təşəbbüsün Portuqaliya hökuməti tərəfindən tam dəstəkləndiyini diqqətə çatdırıb.

Görüşdə, habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.