DÜNYA
Portuqaliyaya rekord həcmdə xarici sərmayə yatırılıb
Lissabon, 13 fevral, AZƏRTAC
2021-ci ildə Portuqaliyaya yatırılan xarici sərmayə rekord səviyyəyə çatıb və indiyədək qeydə alınan ən yüksək göstəricini - 2,7 milyard avronu ikiqat üstələyib.
AZƏRTAC xəbər verir ki, iqtisadçılar xarici sərmayənin bu rekord səviyyəsini əhalisinin sayı 10 milyon nəfərdən çox olan kiçik ölkə üçün təsir bağışlayıcı hesab edirlər.
Sənaye və texnologiyalar ölkənin rəqabətqabiliyyətliliyi və iqtisadiyyatı üçün iki mühüm vasitədir.
Portuqaliya texnoloji məşğulluq, tendensiya, IT şirkətlərə tətbiq olunan şərtləşdirilmiş böyük vergi imtiyazları baxımından Cənubi Avropanın mərkəzinə çevrilib.
İndiyədək Dublin tərəfindən təqdim olunan rahatlıqdan şirniklənən Silikon vadisinin nəhəng şirkətləri getdikcə Lissabona diqqəti artırırlar. Bu, həm də dünyada ən iri IT konfranslardan biri olan illik “Web Summit” (“WS”) ilə bağlıdır. Bu konfrans 7 il Dublində keçirilib, 2016-cı ildə isə Portuqaliyanın paytaxtı Lissabona köçürülüb.
“Google” transmilli şirkəti artıq Portuqaliyada əməliyyat mərkəzinin açıldığını elan edib. Mərkəz birbaşa 1300 iş yeri təklif edir və digər əlavə imkanları aktivləşdirir.
Bütün bunlarla yanaşı, Portuqaliyada 2018-ci ildən “Tech Visa” adlı proqram fəaliyyət göstərir. Bu proqram vasitəsilə Portuqaliya ərazisində yerləşən texnoloji şirkətlərdə çalışmaq üçün Avropa İttifaqı xaricində olan ölkələrdən yüksəkixtisaslı personalın cəlb edilməsi həyata keçirilir.
Nigar Cəfərli
AZƏRTAC-ın xüsusi müxbiri
Lissabon