ELM VƏ TƏHSİL


Postkonflikt ərazilərdə iqtisadi potensialın qiymətləndirilməsi üzrə layihə yekunlaşıb

Bakı, 13 yanvar, AZƏRTAC

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Elm və Təhsil Nazirliyi İqtisadiyyat İnstitutunun ekspertlərinin iştirakı ilə “Postkonflikt ərazilərdə iqtisadi potensialın qiymətləndirilməsi və müqayisəli üstünlük sahələrinin seçilməsi” adlı elmi-tədqiqat layihəsinin yekun hesabatının təqdimatı keçirilib.

Bu barədə AZƏRTAC-a institutdan məlumat verilib.

İqtisadiyyat İnstitutunun baş direktoru professor Nazim Müzəffərli layihə barədə məlumat verib. Bildirib ki, İqtisadiyyat Nazirliyinin sifarişi əsasında, onun rəhbərliyi ilə İqtisadiyyat İnstitutunun bir qrup ekspertinin iştirakı ilə Azərbaycanın postkonflikt ərazilərində iqtisadi potensialın qiymətləndirilməsi əsasında müqayisəli üstünlük sahələrinin seçilməsi üzrə elmi tədqiqatlar aparılıb, hökumətə təklif və tövsiyələr hazırlanıb.

İqtisadiyyat Nazirliyinin Ərazilərin bərpası və inkişafı şöbəsinin müdiri Zamin Bədirxanov postkonflikt ərazilərin bərpası və burada yeni iqtisadiyyat quruculuğu prosesində bu layihənin əhəmiyyətindən danışıb, onun yerinə yetirilməsində iştirak edən ekspertlərin əməyini yüksək qiymətləndirib.

Onlayn iclasda İqtisadiyyat İnstitutunun xüsusi layihələr üzrə baş direktorun müavini dosent Allahyar Muradov layihənin yekun hesabatı əsasında geniş təqdimatla çıxış edib. Bildirib ki, layihənin əsas məqsədi Azərbaycanın postkonflikt əraziləri üzrə iqtisadi potensialının qiymətləndirilməsi və müqayisəli üstün sahələrinin seçilməsidir. İlkin olaraq postkonflikt ərazilərdə repatriasiya potensialı qiymətləndirilib, sonra isə müqayisəli üstünlüklərin təməlində dayanan 5 əsas inkişaf istiqaməti və 14 prioritet müəyyənləşdirilib. Dördüncü sənaye inqilabının qarşıya qoyduğu vəzifələrin Qarabağda reallaşdırılması üçün potensial imkanlar ayrıca araşdırılıb. Potensial üstünlüklərin gerçəkləşdirilməsi üçün iqtisadiyyatın dövlət tənzimləməsinin dəstəkverici mexanizm və alətlərinin tətbiqi, dövlət-özəl əməkdaşlığının gücləndirilməsi üzrə konkret təklif və tövsiyələr hazırlanıb və müvafiq dövlət qurumlarına təqdim olunub. Tədqiqatın nəticələri kitab şəklində nəşr olunacaq.

Layihənin icrasında bilavasitə iştirak edən İqtisadiyyat İnstitutunun tədqiqatçılarının, AZPROMO-nun və İqtisadiyyat Nazirliyi İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun ekspertlərinin də qatıldığı tədbirdə layihə ilə bağlı suallar cavablandırılıb, müzakirələr aparılıb. İqtisadiyyat Nazirliyinin Ticarət siyasəti və ümumdünya ticarət təşkilatı şöbəsinin müdiri Xəzər Bəşirov, İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun İdarə Heyəti sədrinin 1-ci müavini professor Arzu Hüseynova, habelə layihənin ekspertləri - professor Fuad Qənbərov və dosent Mahir Zeynalov çıxış ediblər.

İclasda “Postkonflikt ərazilərdə iqtisadi potensialın qiymətləndirilməsi və müqayisəli üstünlük sahələrinin seçilməsi” adlı elmi-tədqiqat işinin Qarabağda yeni iqtisadiyyatın elmi əsaslar üzərində qurulmasındakı faydası xüsusi qeyd olunmaqla yanaşı, bu sahədə tədqiqatların davam etdirilməsinin zəruriliyi, hökumət qurumları ilə elmi qurumların əməkdaşlığının əhəmiyyəti vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.