REGİONLAR
“Postmüharibə dövründə uşaqlar və şəhid ailələrinə psixososial dəstək” layihəsi başa çatıb
Ağdam, 1 iyul, AZƏRTAC
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin dəstəyi, Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Ağdam rayonu Xındırıstan kənd tam orta məktəbində keçirilən və 50 nəfər uşağı əhatə edən “Postmüharibə dövründə uşaqlar və şəhid ailələrinə psixososial dəstək” adlı bir aylıq layihə başa çatıb.
Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, layihəyə şəhid və qazi ailələrindən, ana himayəsində olan, aztəminatlı ailələrdən seçilən 10-16 yaşlı uşaqlar cəlb edilib. Layihə müddətində psixoloqlar iki yaş qrupu üzrə 50 nəfər məktəbli ilə müxtəlif psixoloji testlər keçirərək uşaqların psixoloji vəziyyətini qiymətləndirib, aşkarlanan problemlər üzrə fərdi inkişaf planı hazırlayıb və fərdi psixoloji söhbətlər aparıblar. Hiss və emosiyalar, empatiya bacarıqlarını inkişaf etdirmək, zorakılıq və zorakılıqdan qorunma halları, özünü tanımaq və dəyərləndirmək üzrə qrup məşğələləri və əyləncəli oyunlar uşaqların marağına səbəb olub. Məşğələ və oyunlarda valideynlər də könüllü olaraq iştirak ediblər. Bir aylıq layihə müddətində Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzi tərəfindən yay düşərgəsi təşkil edilib. Digər layihədən bəhrələnən uşaqlara da səlis oxu dərsləri, əyləncəli idman yarışları, intellektual viktorinalar, maarifləndirici tədbirlər keçirilib.
İyun ayının 30-da layihənin bitməsi ilə əlaqədar Ağdam Uşaq və Ailələrə Dəstək Mərkəzinin təşkilatçılığı ilə Ağdam Rayon İcra Hakimiyyətinin, Təhsil Şöbəsinin nümayəndələrinin, məktəb kollektivinin və valideynlərin iştirakı ilə bağlanış mərasimi olub.