SİYASƏT
Postpandemiya dövründə Azərbaycan-Belarus münasibətlərinin inkişaf imkanları müzakirə olunub
Bakı, 25 iyun, AZƏRTAC
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) Belarusun Strateji Araşdırmalar İnstitutu ilə birlikdə “Postpandemiya dövründə Azərbaycan-Belarus münasibətlərinin inkişafı” adlı vebinar keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev Belarusun koronavirus böhranına fərqli münasibət sərgiləyən ölkələr sırasında olduğunu bildirib. Fərid Şəfiyev pandemiya ilə bağlı proqnozlarının pessimist olmadığını əlavə edib. Onun sözlərinə görə, peyvənd tapıldıqdan sonra dünya tez bir zamanda öz axarına qayıtmağa nail olacaq. BMTM-in İdarə Heyətinin sədri, həmçinin inteqrasiya proseslərindən danışaraq bildirib ki, bu, yalnız ölkələrin ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi əsasında mümkün ola bilər.
Belarus Strateji Araşdırmalar İnstitutunun direktoru Oleq Makarov Belarus və Azərbaycanın məsafəyə baxmayaraq, çox yaxın xalqlar və dövlətlər olduğunu bildirib. Onun sözlərinə görə, tərəflər arasında sıx əlaqələr, xüsusilə ölkə rəhbərlərinin xoş münasibətləri xalqlar arasında qardaşlıq əlaqələrinin inkişafına müsbət təsir göstərir. Oleq Makarov postpandemiya dövrü ilə bağlı bir sıra narahatedici proqnozların səsləndirildiyini deyib: “Hesab edirik ki, Belarusun təhlükəsizliyi regional əlaqələrdən və münasibətlərdən asılıdır. Xarici faktorlardan asılı olmayaraq öz gücümüzlə bu əlaqələri qoruyub saxlaya bilərik. Düşünürəm ki, bu problemlərin həlli üçün ideyalar ortaya çıxarılmalıdır. Keyfiyyətli təhlilin, analitikanın mühüm rolu var. Biz tərəfdaşları etibarlı fikir mübadiləsinə çağırırıq”.
Milli Məclisin deputatı Rasim Musabəyov çıxışında bildirib ki, heç kim virusun nə zaman bitəcəyini bilmir. Pandemiya turizm, aviasiya kimi sahələrə ciddi təsir edib, istehsal zənciri pozulub: “Bu hallardan çıxmalıyıq və əməkdaşlıq da bunun əsas yoludur. Pandemiya nəticəsində ofis məkanlarından imtina artacaq, çevik iş rejimi həyata keçiriləcək, videokonfrans alətlərindən geniş istifadə ediləcək. Onlayn satışlar və kommersiya da pandemiyada ciddi təkan görüb. Həmçinin dövlət xidmətlərinin informasiya texnologiyaları vasitəsilə göstərilməsi daha da artacaq. Sərhədlərdə sanitar-gigiyena nəzarətinin gücləndirilməsi daha geniş həyata keçiriləcək”.
Rasim Musabəyov əlavə edib ki, Azərbaycan və Belarus oxşar ölkələrdir və hər iki ölkə birinin təmsil olunmadığı platformalarda hər zaman qarşılıqlı dəstək verir. Onun sözlərinə görə, pandemiya sonrası da əlaqələrin inkişafı üçün böyük potensial var və bu əlaqələr energetika, maşınqayırma, kənd təsərrüfatı, İKT və hərbi-sənaye sahəsində daha da inkişaf edə bilər.
Belarus Təhlükəsizlik Şurası Dövlət Katibliyinin Beynəlxalq Təhlükəsizlik İdarəsinin rəisi Sergey Martınenko çıxışı zamanı bildirib ki, peyvənd tapılmayınca koronavirus davam edəcək və insanlar ənənəvi həyat tərzlərini davam etdirməyə çalışırlar: “Lakin biz bu barədə fikirlərimizi dəyişməyə çalışmalıyıq. Koronavirus təkcə mənfi deyil, müsbət məqamları da üzə çıxarıb. Pandemiya nəticəsində həm də yeni imkanlar açılır, onlayn işləmə artıq geniş vüsət almağa başlayır. Pandemiya dövründə və sonrası Azərbaycanla əməkdaşlığımızın yüksək səviyyədə davam edəcəyinə heç bir şübhə yoxdur. Dövlət rəhbərləri ikitərəfli münasibətlərə xüsusi diqqət yetirir. Ölkələrimiz mənafelərini əməkdaşlıq edərək birgə daha yaxşı qoruya bilər”.
BMTM-in şöbə müdiri Fuad Çıraqov bildirib ki, ölkələrimiz bu çətin günlərdə stabillik və təhlükəsizliyə təhdid olan bir sıra çağırış və böhranlarla da qarşılaşıb. Onun sözlərinə görə, regional güclər və dünya güc mərkəzləri ölkələrimizdə xüsusi maraqlara malikdirlər. Lakin strateji tərəfdaşlarla qarşılıqlı fayda verən əməkdaşlıq nəticəsində ölkələrimiz regional və dünya siyasətinin obyekti deyil, subyekti qismində çıxış edə bilərlər. Qlobal təhdidlərlə mübarizə ilə yanaşı, Azərbaycan üçün ərazi bütövlüyünün bərpası məsələsi ən əsas çağırış hesab olunur: “Gələcək illərdə Azərbaycanın qarşısında heç də asan olmayan vəzifələr var. Bunlara Ermənistan-Azərbaycan münaqişəsinin həlli, işğal olunmuş torpaqların azad olunması, iqtisadiyyatın diversifikasiyası, iqtisadiyyatda qeyri-neft sektorunun payının artırılması, əhalinin həyat səviyyəsinin yüksəldilməsi və genişmiqyaslı infrastruktur layihələrinin həyata keçirilməsi aiddir”.
Daha sonra Belarus Strateji Araşdırmalar İnstitutunun analitiki Asya Penteqova və Aİ və ABŞ üzrə bölməsinin rəhbəri İvan Jarkov postpandemiya dövründə əsas trendlər, koronavirusun iqtisadi təsirləri, Belarus-Azərbaycan münasibətlərinin gələcək perspektivləri, informasiya hücumları və beyin mərkəzlərinin əməkdaşlığı ətrafında çıxış ediblər.
Tədbir sual-cavab sessiyası ilə davam edib.