ELM VƏ TƏHSİL


“Potensial məktəb direktorları” layihəsinin müdavimləri Dünya Məktəbində

Bakı, 27 fevral, AZƏRTAC 

Xəzər Universitetinin təşkilatçılığı ilə “Potensial məktəb direktorları XI” layihəsinin müdavimləri və Dünya Məktəbinin rəhbərliyi-müəllim heyəti arasında görüş keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, layihə rəhbəri, İnkişaf Mərkəzinin direktoru Raziyə İsayevanın təşəbbüsü ilə keçirilən tədbirdə Dünya Məktəbinin yaranması, strategiya və məqsədləri haqqında təqdimat edilib.

R.İsayeva məktəbin inkişaf yolundan, uğurlarından, təhsil sistemində istifadə etdikləri metod və üsullardan, şagirdlərin inkişaf yolundan və məktəbin 20 illik təcrübəsindən danışıb. Müdavimlər ilə müzakirələr aparılıb, suallar cavablandırılıb. Onlar sinif otaqları, laboratoriyalar, şagirdlərin əl işləri olan guşələr, məktəbin divarlarında təsvir olunmuş rəsmlərlə tanış olublar.

Qeyd edək ki, 2019-cu il noyabrın 13-dən Xəzər Universitetinin təşkilatçılığı ilə “Potensial məktəb direktorları XI” kursunun təlimləri keçirilir. Kurs müddətində təhsilin idarəolunması, maliyyə, statistika, qanunvericilik, təhsil hüququ və İKT fənləri üzrə təlimlər keçirilib. Kursu humanitar, sosial elmlər və təhsil fakültəsinin dekanı dosent Elza Səmədova, İnkişaf Mərkəzinin direktoru Raziyə İsayeva və digər fənlər üzrə peşəkar müəllimlər tədris ediblər. Təlim müddətində ölkəmizin müxtəlif bölgələrindən gələn direktor müavinləri müasir dövrdə qloballaşan dünya təhsilinin və təhsil müəssisələrində idarəetmə məsələləri ilə tanış olub, təhsilin inkişaf və tətbiqolunma üsullarının son metodlarını öyrəniblər.

“Potensial məktəb direktorları” layihəsi 2014-cü ildən fəaliyyətə başlayıb, 670 nəfərdən çox məzuna sertifikat verilib, onlardan 50 nəfərdən çoxu direktor, direktor müavini təyin olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.