İQTİSADİYYAT
Poti-Bakı marşrutu üzrə hərəkət edən ilk konteyner qatarı Keşlə stansiyasına çatıb VİDEO
Bakı, 17 iyul (AZƏRTAC). Azərbaycan və Gürcüstan Poti-Bakı marşrutu üzrə konteyner qatarının hərəkətini bərpa ediblər. İyirmi beş konteyner vaqonundan ibarət ilk qatar iyulun 17-də Keşlə stansiyasına çatıb.
“Azərbaycan Dəmir Yolları» Qapalı Səhmdar Cəmiyyətinin mətbuat katibliyindən AZƏRTAC-a bildiriblər ki, qatarın təntənəli qarşılanma mərasimində çıxış edən Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov Bakı-Poti konteyner qatarının yük daşımalarının intensivləşməsinə yeni stimul verəcəyini vurğulayıb. “Gürcüstan Dəmir Yolları” SC-nin icraçı direktoru Mamuko Baxtadze də öz növbəsində qatarın hərəkətinin bərpa olunmasını mühüm hadisə adlandırıb.
Konteynerlərin nəqli "Azərbaycan Dəmir Yolları" QSC və "Gürcüstan Dəmir Yolları" SC-nin törəmə strukturu olan "Trans Jaujasus Terminals LLJ" şirkəti arasında əldə olunan saziş əsasında təmin ediləcək. Qəbul edən tərəf öz yükünü 34 saat ərzində ala biləcək.
Məlumatda həmçinin qeyd olunur ki, Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizinə konteyner yüklərinin cəlb olunması və dəmir yolu nəqliyyatı üzrə daşımaların rəqabət qabiliyyətinin artırılması məqsədi daşıyan Bakı-Poti konteyner qatarı «Azərbaycan Dəmir Yolları» QSC və «Gürcüstan Dəmir Yolları» SC tərəfindən hələ 1996-cı ildə işə salınmışdı. Sonralar fəaliyyətini dayandırmış konteyner qatarının hərəkətinin bərpası ilə bağlı aparılan danışıqlar müsbət nəticələnib. Tərəflər qatarın iş texnologiyasını, hərəkət qrafikini və daşınma tariflərini razılaşdırıblar. Yük göndərən və yük alanlarla görüşlər keçirilib, eləcə də yük və vaqon axınlarının təhlili aparılıb.