DÜNYA


Poti və Konstansa limanları arasında yükdaşımaların həcmi artırılır

Tbilisi, 28 may, AZƏRTAC

Gürcüstanın Poti (Batumi) limanı ilə Rumıniyanın Konstansa limanı arasında işlərin sürətini və yükdaşımaların həcmini artırmaq üçün yeni qidalandırıcı gəmi (orta həcmli yük gəmisi) ayrılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Gürcüstan Dəmir Yolu”ndan məlumat verilib.

Bildirilir ki, yeni qidalandırıcı gəmi nisbətən dayaz sularda hərəkət edə bilən orta ölçülü yük gəmisidir. 210 TEU tutumlu gəmi ayda üç reys həyata keçirəcək.

Məlumatda qeyd olunur ki, Qara dəniz limanları arasında fider xəttinin işə salınması Transxəzər beynəlxalq nəqliyyat marşrutu üzrə yükdaşımaların artmasına töhfə verəcək. Konteyner daşımaları Avropa-Çin-Avropa və Avropa-Mərkəzi Asiya-Avropa istiqamətində həyata keçiriləcək.

Gürcüstan limanlarından Avropaya qidalandırıcı gəmi vasitəsilə konteyner daşımaları “Ady Container” (Azərbaycan), “KTZ Express” (Qazaxıstan) və “Xəzər Dəniz Gəmiçiliyi” ASCO terminalları ilə birlikdə “GZD GR Logistics”in törəmə şirkəti tərəfindən həyata keçiriləcək.

Poti limanından ilk qidalandırıcı gəmi 146 TEU tutum konteynerləri Rumıniya limanına, yəni Konstansaya çatdıracaq. Konstansa limanında yenidən yükləndikdən sonra gəmidəki yük Almaniya və Macarıstana, daha sonra isə digər Avropa ölkələrinə göndəriləcək.

Layihə TMTM Konsorsiumunun üzvü olan Rumıniyanın “Grampet” şirkəti tərəfindən dəstəklənir. Konteyner daşımalarında “Rail Cargo” və “Metrans” da iştirak edir. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TİTR) Çin İpək Yolunun dəhlizlərindən biridir.

Qeyd edək ki, Çin 2013-cü ildə infrastrukturun yaradılmasına və Avrasiya ölkələri arasında əlaqələrin qurulmasına yönəlmiş "Bir kəmər - bir yol" adlı yeni iqtisadi inkişaf strategiyasını elan edib. Strategiya iki əsas inkişaf sahəsini - İpək Yolunun iqtisadi kəməri və dəniz İpək Yolunu əhatə edir. Burada da malların Şərqdən Qərbə güzəştli şərtlərlə birbaşa çatdırılması üçün ticarət dəhlizinin yaradılması nəzərdə tutulur.

“İpək Yolunun inkişafı bu istiqamətdə mühüm investisiyalar yatıran Gürcüstan hökumətinin mühüm prioritetlərindən biridir. Bu baxımdan ölkə miqyasında qurulan əsas infrastruktur İpək Yolunun ayrılmaz hissəsidir” – deyə, məlumatda vurğulanır.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.