Praqada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib
AzerTAg.az
Praqa, 31 dekabr, AZƏRTAC
Azərbaycan Respublikasının Çex Respublikasındakı səfirliyində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Çexiyada yaşayan Azərbaycan diaspor nümayəndələri və səfirliyin kollektivi iştirak edib.
Tədbirdə çıxış edən səfir Adış Məmmədov Çexiyada yaşayan həmvətənlərimizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib və Azərbaycan dövləti qarşısında göstərdikləri xidmətlərinə görə səfirliyin kollektivi adından minnətdarlığını bildirib.
Sonra səfir milli kimliyimiz, milli birliyimiz olan azərbaycançılıq ideyası haqqında danışaraq, bu ideyanın tarix boyu xalqımızın əzab-əziyyəti, canı, qəhrəmanlığı bahasına nail olduğu ən böyük mənəvi sərvəti olduğunu bildirib. Səfir qeyd edib ki, müstəqil Azərbaycanın memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin müstəsna səyləri ilə ölkəmizdə dövlətçilik ideologiyası kimi formalaşmış bu ideya hazırda müxtəlif ölkələrdə yaşayan dünya azərbaycanlılarının milli-mənəvi birliyinin və həmrəyliyinin əsasını təşkil edir. Azərbaycançılıq ideyasının təbliğinin dövlətçilik və vətənpərvərlik kimi təməl ideyalara söykəndiyini deyən A.Məmmədov müstəqil siyasət, milli maraqlarımızın qorunması, milli ləyaqət, milli və dini tolerantlıq kimi amillərin ölkəmizin uğurlarını şərtləndirən əsas amillər olduğunu ifadə edib.
Səfir tarixi qəhrəmanlıq salnamələri ilə zəngin olan Azərbaycan xalqının 44 günlük Vətən müharibəsini də qalibiyyətlə başa vuraraq yeni şərəfli səhifə yazdığını qeyd edib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Vətən müharibəsinin qəhrəmanına çevrilərək Azərbaycan xalqının qalibiyyət salnaməsinin müəllifi olduğunu vurğulayıb. Həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövlətinin milli maraqlarının qorunması istiqamətində böyük uğurların əldə olunduğunu, Azərbaycanın və azərbaycançılığın daha da möhkəmlənməsi, güclü iqtisadi potensialın yaradılması, xalqımızın təhlükəsizlik şəraitində, rifah içində yaşaması üçün əməli addımların atıldığını bildirib və xaricdə yaşayan həmyerlilərimizin ölkəmizin təbliği istiqamətində daha da səfərbər olmalarının vacibliyini vurğulayıb.
Sonra Çexiyada yaşayan bir qrup azərbaycanlı fəal səfirlik tərəfindən təltif olunub. Diaspor fəalları Azərbaycan naminə fəaliyyətlərini bundan sonra da daha böyük həvəslə davam etdirəcəklərini bildiriblər.
Sonda iştirakçılara cari ildə səfirlik tərəfindən çex dilində nəşr edilmiş “Sarı gəlin”, “Qarabağnamə” və “Böyük Azərbaycan şairi – Nizami” kitablarının nüsxələri paylanılıb, çay süfrəsi ətrafında fikir mübadiləsi aparılıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa


Xəbərin mətnində orfoqrafik səhv var